İnterpress.az xəbər verir ki, saat 08.00-da başlayan səsvermə axşam 19.00-da başa çatacaq.
Səsvermə başlamazdan əvvəl keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov bildirib ki, parlament seçkilərində ölkədə 5 milyondan artıq insanın səs verməsi üçün bütün şərait yaradılıb. “Bütün işlər Təqvim Planına uyğun olaraq həyata keçirilib. 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb. Bu da hər dairəyə təqribən 6 namizəd deməkdir. Dairələrdə ən az 3, ən çox isə 12 namizəd var. Seçicilərin rahat şəraitdə səs verməsi üçün də lazım olan hər şey həyata keçirilir”.
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
Parlament seçkilərini izləmək üçün 66 mindən artıq yerli müşahidəçi qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasında 2 619, dairə seçki komissiyalarında isə 63 mindən artıq müşahidəçi qeydə alınıb.
Səsvermə prosesini 501 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 27 beynəlxalq təşkilatı və ölkəni təmsil edirlər.
Eyni zamanda, parlament seçkilərində 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Bundan başqa, parlament seçkilərində 4 təşkilat \”exit-poll\” keçirəcək. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası \”ELS\” Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası və \”RƏY\” Monitorinq Mərkəzi qeydə alınıb.
Seçkiləri 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 42 nümayəndəsi izləyəcək.
Məzahir Pənahov aşağı seçki komissiyalarının üzvlərinə xəbərdarlıq edib ki, heç bir qanun pozuntusuna yol verməsinlər. O deyib ki, seçki məntəqəsinə daxil olan seçicilərin barmaqları mütləq yoxlanmalıdır. Əgər onların barmaqlarına gözlə görünməyən mürəkkəb vurulubsa, o zaman məntəqəyə buraxılmamalıdırlar.
İnterpress.az