Dövlət başçılarına məlumat verilib ki, “Aqroinvest 146” Məhdud Məsuliyyətli Cəmiyyətin soyuducu anbar kompleksi bu il aprelin 18-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Candar qəsəbəsində istifadəyə verilib. İki hektar ərazini əhatə edən kompleksə ofis və yardımçı binalar, 12 soyuducu və bir saxlama kamerası, transformator və təhlükəsizlik binaları, çəki məntəqəsi və su anbarı daxildir. Bu müəssisə Gürcüstanda fəaliyyət göstərən ən böyük soyuducu anbar kompleksidir.
Soyuducu kameraların sahəsi 4250 kvadratmetrdir. Ət və balıq məhsulları üçün nəzərdə tutulan iki kameranın -5°C-dən -20°C-dək soyutma imkanı var. Temperaturun -5°C-dən +5°C -dək dəyişdiyi digər 10 kamerada isə meyvə-tərəvəz və çərəz saxlanılacaq. Soyuducu anbar kompleksi 2100 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları və min ton çərəzin saxlanılması üçün nəzərdə tutulub.
Kvemo-Kartli regionuna xidmət göstərən kompleks Azərbaycanın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilib. Tikintisinə 2013-cü ilin martında başlanan obyektdə inşaat işləri “Akkord Georgia” şirkəti tərəfindən həyata keçirilib.