Xristian ölkələrində oruc tutan azərbaycanlılar – Diaspor sədrləri DANIŞDILARbackend

Xristian ölkələrində oruc tutan azərbaycanlılar – Diaspor sədrləri DANIŞDILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir müddətdir müqəddəs Ramazan ayını yaşayırıq. Bütün müsəlman ölkələrində bu ay özünəməxsus fərqliliyi ilə seçilir. Hər bir müsəlman sübh tezdən gün batana qədər 30 gün ərzində oruc tutaraq ibadət edir.

Maraqlıdır ki, Avropa və Rusiyada – ümumiyyətlə xristian ölkələrində bu ay necə qarşılanır? Həmin ölkələrdə oruc tutanlara münasibət necədir?

Mövzu ilə bağlı Azərbaycanın ayrı-ayrı ölkələrdəki diaspor rəhbərləri ilə fikir bildirib:

Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyevin sözlərinə görə hər il Moskvanın mərkəzində yerləşən məscidlərdə “Ramazan şəkər” adlı layihə həyata keçirilir:

“Rusiyada 20 milyondan çox müsəlman yaşayır. Bu müsəlmanlar həm yerli xalqlardan, həm də Orta Asiya, Qafqaz və digər ölkələrdən gəlmə millətlərdən ibarətdir.

Rusiyada Ramazan bayramı normal şəkildə qeyd olunur. Pandemiya olmağına baxmayaraq, Rusiyada bütün restoranlar çalışır, iftar məclisləri qurulur. İftar süfrələri buranın müsəlman dini rəhbərliyi tərəfindən təşkil edilir.

30 gün ərzində hər bir müsəlman ölkəsi öz mətbəxtini həmin mərasimdə təqdim edir, iftar süfrələri açırlar. Biz də azərbaycanlı olaraq orada aktiv şəkildə iştirak edirik. Müsəlman ölkəsində Ramazan ayı necə gedirsə, Rusiyada da elə olur. Heç bir problem yaşanmır. Bu gün Azərbaycan və Türkiyədə pandemiya ilə bağlı restoranların çalışmağında, iftar süfrələrin açılmasında hansısa məhdudiyyətlər ola bilər. Lakin Rusiyada yoxdur. Ona görə də Ramazan mərasimləri normal şəkildə qeyd olunur”.

 

Niderland – Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqləndiricisi Maisə Ağamirzəyeva Hollandiyada müsəlmanların çoxluq təşkil etdiyini söyləyib:

“Müsəlmanlar oruc tuturlar və tutmayan da tutanlara çox gözəl münasibət bəsləyir. Burada dinlərə çox böyük hörmət var. Hətta yerlilər belə deyirlər ki, “sizin bu qədər ac qala bilmənizə çox böyük hörmət edirik”. Onlar hər bir dinə hörmətlə yanaşırlar.  Televiziya kanallarında da bu mövzuda verilişlər olur. Ramazana “Ramadan” deyirlər. Bu münasibətlə supermarketlərdə “halal bölməsi” var. Orada müsəlmanlar üçün ərzaqlar satılır. Hollandiyada yaşadığım 18 il müddətində hələ ki heç bir hörmətsizlik görməmişəm”.

 

Ukraynanın Dnepr vilayətində ilk diaspor təşkilatının qurucusu Eldar Tağıyevin sözlərinə görə, son 10 il ərzində Ramazan bayramı ukraynamıların öz dini bayramlarından heç də geridə qalmır:

“Ukraynada Krım tatarları, çox saylı azərbaycanlılar, Şimalı Qafqaz xalqları, dağıstanlılar və yerli xalqlardan xeyli müsəlman var.

Son illərdə burada oxuyan bütün xarici tələbələrin əksər hissəsinin müsəlman ölkələrindən olması Ukrayna ali məktəblərində böyük tələbə kütləsini yaradır. Ukraynanın iri şəhərlərinin hər birində üç və ya dörd məscid fəaliyyət göstərir. Bunlar hamısı açıq fəaliyyət göstərən məscidlərdir. Ukraynalılar dinimizə qarşı çox tolerantdırlar və çox böyük hörmət edirlər. Müsəlmanlar arasında bu bayram hər zaman yüksək səviyyədə qeyd olunur.

Bu ayın ən özəl xüsusiyyətlərindən biri də imkansızlara əl tutmaqdır. Dünən diasporumuz 110 nəfərə Ramazan sovqatı göndərdi.

Axşam iftar süfrələri müxtəlif yerlərdə, məscidlərdə təşkil olunur. Bayram da böyük təntənə ilə qeyd olunur. Bu baxımdan Ukraynada heç bir məhdudiyyət yoxdur. İndiyə  kimi Ukraynada müsəlman dininə qarşı hələ bir pis fikir və ya hərəkət olmayıb. Xəstəliklə əlaqədar bəzilərimiz oruc tuta bilmirik. İftar süfrələrində də çox toplaşmaq olmaz. Amma yenə də vəziyyət qənaətbəxşdir. Ukraynada bu sahədə heç bir problem yoxdur”.

 

İnterpress.az