“Rüşvət alma kimi, rüşvət vermə də cinayət sayılır. Yalnız bir halda rüşvət verənlər məsuliyyətdən azad olunurlar ki, onlar könüllü olaraq bu barədə öncədən məlumat verirlər. Onlar məcburiyyət qarşısında məsuliyyətdən azad olurlar. Qalan hallarda həmin şəxslər də məsuliyyətə cəlb oluna bilərlər. Azərbaycanda həqiqətən də rüşvətxorluq geniş yayılıb”.
Bunu “Yeni Sabah”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib. Demək olar ki, hər gün rüşvət üstündə bir məmurun həbs olunduğunu deyən deputatın sözlərinə görə, insanlar sadəcə olaraq rüşvətsiz yaşamaq istəmir: “Biz müstəqil dövlət quranda arzumuz və mübarizəmizin bir istiqaməti ondan ibarət idi ki, rüşvətxor sistem dağıdılsın. Lakin bu sistemin əlamətləri hələ də qalmaqdadır”.
T. Kərimli bildirir ki, Azərbaycanda rüşvətxorluğun üç kök səbəbi var: “Səbəblərdən biri sovet dövründən qalmadır. Sovet dövründə sosializm zorakılığa, kapitalizm pulsuzluğa əsaslanırdı. Zorakı idarəetmədə azad olmaq, işi yüngülləşdirməkdən ötrü rüşvət alıb, verməklə məşğul idilər. Bu çox geniş yayılmışdı.
Mən özüm Ali Məhkəmədə işləyəndə bir qrup insanlar mənə rüşvət təklif etmişdilər. Qəbul etmədim. Hətta dedilər ki, icazə ver ölənlərinin qəbrin də götürək. Razı olmadım. Belə vəziyyətdə onlar məni düşmənə çevirdilər. Belə düşünürdülər ki, əgər adam bizdən rüşvət almırsa, deməli, bizi işdən çıxararaq, başqa tədbir görəcək. Sovet dövründən qalma psixologiya birinci kök səbəbdir”.
Millət vəkili bildirir ki, rüşvətxorluğun yayılmasının ikinci kök səbəbi müstəqillik dövründə baş verənlərdir: “O zaman bir sıra insanların, kadrların seçilib, qoyulması istedada görə yox, bəzi subyektiv amillərə görə idi. Bununla da insanların elmi təfəkkürü, hüquqi düşüncəsi zəif oldu. Hər hansı bir məsələnin hüquqi həllinin tərəfdarı olmadılar. Amma asanlıqla rüşvət vasitəsi ilə münasibələri yaratdılar. Yəni rüşvət verib, almaq sədaqətlilik nişanı oldu.
Uzun illər ərzində rüşvət alıb, vermə vasitəsi ilə vəzifədə qaldılar. Özlərinə gün ağladılar. Yüksək sərvət toplayıb, biznes şəraiti qurdular. Bunların da əksəriyyəti dövlət məmurları idi. Hətta yaxın adamlarının adına biznes quraraq varlandılar. Bu varlanma vasitəsi ilə “kölgə iqtisadiyyatı” qurdular. Bununla da dövlət büdcəsinə vergilər daxil olmadı. Bir çoxları isə sərvətlərini xaricə daşıdılar”.
T. Kərimlinin fikrincə üçüncü səbəb isə insanların hüquqa və qanuna inanmamalarıdır: “Düşünürlər ki, rüşvət vermədən oxumaq, vəzifəyə getmək, problemi həll etmək olmur. Elə məsələlər var ki, o sahədə rüşvət daha çox yayılıb.
Adicə sürücülük vəsiqəsinin alınması ciddi problemə çevrilib. Nə üçün Asan Xidmətə verilmir? Bu, xalqın rast gəldiyi məsələlərdir. Qanunlara inamsızlıq insanların psixologiyasını elə formalaşdırır ki, rüşvət elə ən yüngül məqbul yoludur. Buna təəssüf edirəm.
Sovet dövründə güllələnmə olmasına baxmayaraq, insanlar rüşvətdən qorxmurdular. Hüquq islahatları, inhisarçılığın, korrupsiyanın, süni tenderlərin aradan qaldırılması, insanlara insan kimi davranmaq bütün bunları kompleks şəklində həll olunmalıdır. Əgər deyilirsə ki, korrupsiya olmayacaq, olmamalıdır. İnhisarçılıq olmayacaqsa, olmamalıdır. Biz deyirik, bu yenidən davam edirsə, o zaman meydanda da olacaq”.