Azərbaycan xanlarının ov seçimi: 100 illik yoxluq, təhlükəsizlik üçün 50 metr… – FOTObackend

Azərbaycan xanlarının ov seçimi: 100 illik yoxluq, təhlükəsizlik üçün 50 metr… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana daha doqquz zubr gətirilib.

Şahdağ Milli Parkının İsmayıllı bölməsinə yeni gətirilən zubrlar bir müddət Milli parkın ərazisində volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq.

Parkının direktor müavini Cəlil Rzazadə Oxu.Az-a bildirib ki, IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 zubr gətirilərək təbiətə buraxılıb:

“Bu müddət ərzində populyasiyada təbii artımın olması ilə 20 baş zubrların təbiətimizə tam olaraq uyğunlaşıb”.

O qeyd edib ki, zubrlar mütəmadi olaraq baytarlar tərəfindən yoxlanılır. Onların gərgin və aqressiv olmalarının iki səbəbi ola bilir:

“Dişi fərd bala doğarkən və iri ölçülü erkək fərdi qıcıqlandırdıqda zubrlar insanlara hücum edə bilər.

Ümumiyyətlə, əgər təbiətdə zubrla qarşılaşmısınızsa, aranızda 50 metr təhlükəsizlik məsafəsi saxlamağınız və onu qətiyyən qıcıqlandırmamağınız tövsiyə edilir”.

Yemlər yoxlandıqdan sonra zubrlara verilir.

Zubrların qida rasionuna 200-ə qədər bitki növü, ağac qabığı, cavan budaqlar, yarpaq, fıstıq və palıd qozları daxildir.

Qeyd edək ki, Azərbaycanda zubrlar ilk insanların yaşadığı qədim dövrlərdən mövcud olub. Qobustan qayalarının üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun göstəricisidir.

Tarixçilər zubrlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları XII-XIII əsrlərdə vəhşi zubrları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir.

Vaxtilə Avrasiyada çox geniş yayılan zubrların ötən əsrin əvvəllərindən etibarən nəsli kəsilməyə başlayıb. Vəhşi təbiətdə demək olar ki, bu heyvanlara artıq çox az rast gəlinir. Qafqaz dağlarında isə sonuncu zubr 1927-ci ildə öldürülüb.

Təbiətdə çox az rast gəlinsə də, bəzən zubrları Amerika bizonu ilə də səhv salırlar. Zubrların uzunluğu orta hesabla 2,1-3,5 metr, hündürlükləri 1,6-2,1 metrə qədər, Amerika bizonlarının isə uzunluğu 2-2,8 metr, hündürlükləri isə 1,5-2 metrə qədər çatır.