UFC çempionu Həbib Nurməhəmmədovun komandası ilə birgə keçirdiyi mətbuat konfransında azərbaycanlı kimi təqdim etdiyi “One FC” turnirinin qalibi Kamran Abbasovun kimliyi bilinib.
o, Qırğızıstanda doğulmuş ahısqa (məhsəti) türküdür.
Bu barədə Kamran Abbasov özü məlumat yayıb: “Dəyər verdiyin üçün sağ ol, qardaş. Ancaq mən Qırğızıstanda doğulmuş türkəm (məhsəti türkü). Səndən bunu eşitmək çox xoşdur. Biz hamımız qardaşıq və bir olmalıyıq”.
Qeyd edək ki, Həbib Nurməhəmmədov “Moskva-Baku”nun əməkdaşı Tatyana Novikovanın sualına belə cavab verib: “Təbii ki, biz azərbaycanlı idmançılarla görüşəndə, söhbət edəndə onları dəstəkləyirik. Bunların arasında Nəriman Abbasovu, onun şəxsi məşqçisi Şəhriyar Abbasovu göstərə bilərəm. Onlar atamın vaxtında bizdə çox təlim-məşq toplanışında olublar. Düşünürəm ki, Nəriman UFC-də rahat döyüşə bilər. Onun səviyyəsi buna imkan verir. Hətta bilirəm ki, o, UFC ilə müqavilə bağlamağa hazırdır. Bilmirəm, hazırda Kamil Hacıyevin (Nəriman Abbasovun kəməri qazandığı turnirin prezidentini nəzərdə tutur – S.M.) onunla bağlı planları necədir. Əgər səhv bilmirəmsə, “One FC”nin qalibi Kamran Abbasov da azərbaycanlıdır. Ola bilər ki, səhv edim, ancaq məncə, o da azərbaycanlıdır. Azərbaycanda yaxşı döyüşçülər var. Ancaq təəccüblənirəm ki, MMA-da onların sayı azdır. Onlarda boks, güləş, cüdo yaxşı səviyyədədir. Məntiqlə çoxlu MMA döyüşçüləri də çıxmalıydı. Ancaq belədir”.