Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası zamanı ağır iş şəraiti və adekvat dəstəyin olmaması səbəbindən bir çox mütəxəssisin tibb sahəsini tərk etməsindən narahatdır.
Bu barədə dünyada artan həkim və tibb bacıları çatışmazlığı probleminə diqqət çəkən ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
“Mütəxəssisin sistemi tərk etməsindən narahatıq. Bir çox ölkələr, o cümlədən yüksək gəlirli ölkələr səhiyyə işçilərini itirir və bu, COVID-19-la bağlıdır. Həkimlər və tibb bacıları artıq iki ildən çoxdur ki, gecə-gündüz işləyirlər, onların çoxu gördükləri işlərində layiqli qiymətləndirmə almadıqları halda tükəniblər”, – deyə o, bildirib.
ÜST rəhbəri xatırladıb ki, pandemiyanın ilkin mərhələsində tibb işçilərinə dəstək çox olub.
“Lakin bu, hərəkətdə də göstərilməlidir: Hökumətlər əməkhaqqının artırılması, təlim və digər dəstək baxımından iş şəraitlərinin yaxşılaşdırılmasına kömək etməlidir”, – deyə Qebreyesus əlavə edib.
“COVID-19 bütün səhiyyə sistemi üçün problemə çevrilib. İşçilərin – tibb bacılarının və həkimlərin sayını artırmalı olduğumuz bir vaxtda biz faktiki olaraq onları itiririk”, – deyə ÜST-ün baş direktoru davam edib.
Onun sözlərinə görə, tibb mütəxəssislərinin ciddi çatışmazlığı (8 milyon nəfər) COVID-19-dan əvvəl də müşahidə edilib, indi isə bu vəziyyət daha da pisləşir.
ÜST rəhbəri qeyd edib ki, o, tibb işçilərinin məyusluğunu anlayır və medianı ölkələrə səhiyyə sistemlərinə, xüsusən də işçi qüvvəsinə sərmayə qoymağı xatırlatmağa çağırıb.
Mənbə: TASS