Paytaxt Tbilisidə “Alyans Gənclər Mərkəzi” təşkilatının rəsmi açılış mərasimi olub. 24News.ge xəbər verir ki, mərasimdə ictimaiyyət adamları, ziyalılar, gənclər və ictimai fəallar iştirak ediblər. Çıxış edən qonaqlar yeni fəaliyyətə başlayan “Alyans Gənclər Mərkəzi”inin əməkdaşlarını təbrik edib və onlara uğurlar arzu ediblər. Mərkəzin rəhbəri Leylə Əmrəhova bizimlə söhbəti zamanı, təşkilatın görəcəyi işlər barədə məlumatlar verib: “Alyans Gənclər Mərkəzi gənclərin asudə vaxtlarının səmərəli istifadə olunması üçün fəaliyətə başlayır. Burada bizim həm dil kurslarımız, həm də tarix, Azərbaycan dili, xalçaçılıq və rəssamlıq kurslarımız mövcuddur. Dil kurslarına isə alman dili, gürcü dili və inglis dili daxildir. Kurslarda ən çox Azərbaycan dili və tarixinə yer vermişik, çünki Gürcüstanda Azərbaycan tarixi keçirilmir və Azərbaycan dilində çox da səlis və düzgün yaza bilmirik. Buna görə də müəllimlərimizin əksəriyyəti Azərbaycandan gəliblər və onlar Bakı Dövlət Universitetinin, Pedaqoji Universitetinin müəllimləri və məzunlarıdır. Gənclər mərkəzimiz necə ki, təhsil mərkəzi, həm də mədəniyyət mərkəzi kimi də fəaliyyət göstərəcək. Bizim mərkəzimiz hər bir gəncin ortaq istifadə edə biləcəyi bir mərkəz olacaq. Yeni yaranan təşkilatlar, ümumiyyətlə gənclər burada gəlib treninglər, görüşlər və iclaslar keçirə biləcəklər”, – deyə Əmrahova bildirib. Qeyd edək ki, təşkilat Tbilisinin Kazbeki küçəsinin N44 ünvanında yerləşən biznes mərkəzinin 6-cı mərtəbəsində fəaliyyət göstərir.