Şuşa və Ağdama avtobusla getmək istəyənlər üçün şərtlər açıqlanıb.
İnterpress.az xəbər verir ki, marşrut avtobuslarını polis müşayiət edəcək. ANAMA tərəfindən sürücülərə təlimlər keçirilib. Sərnişinlər üçün avtobuslarda video təlimat nümayiş olunacaq. Avtobuslar konkret marşrut üzrə hərəkət edəcəklər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə biləcəklər. Bu məqsədlə “yolumuzqarabaga.az” portalı da yaradılıb. Bu işlər Elektron Hökumətin İnkişaf Mərkəzinə həvalə edilib. Məlumat bazasında hər bir sərnişinin bu ərazilərə daxil olmaları üçün xüsusi icazəsi, həmçinin COVID-19 əleyhinə peyvənd olunmaları barədə də məlumatlar avtomatik şəkildə əks olunacaq.
Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.
Nəzərdə tutulan marşrut xətləri Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı və Bərdə – Ağdam – Bərdədir. Bu marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.