Özəlləşdirmə çekinin tədavülünün VƏTƏNDAŞA XEYİRİ: “Sosial rifah yüksələcək”backend

Özəlləşdirmə çekinin tədavülünün VƏTƏNDAŞA XEYİRİ: “Sosial rifah yüksələcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağasif Şakiroğlu: “Bütün hallarda özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması vətəndaşların xeyrinədir”

Elman Vəliyev: “Özəlləşdirmə çeklərinin tədavülü həyata keçirilərsə, bu hal  əlində çeki olan aztəminatlı insanlar üçün müsbət hal olar”.

Azərbaycanda insan hüquqları sahəsində islahatların aparılması və  zəruri hüquqi bazanın formalaşması fonunda cəmiyyətin aktual problemləri öz həllini tapmaqdadır. Hələ ki, həllini tapa bilməyən problemlərdən biri isə özəlləşdirmə çekləri ilə bağlı məsələdir. Belə ki, əlində çekləri qalan 24 mindən çox vətəndaş və ailələr haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar. Məktubda qeyd edilib ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Bu çeklərin hər birinin dəyəri eynidir və özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub.

Mövzu ilə bağlı İnterpress.az-a açıqlama verən Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif  Şakiroğlu qeyd edib ki, məlum çeklərin tədavülə buraxılması zamanında yararlana bilməyən vətəndaşlar üçün bir şans olacaq:

“Özəlləşdirmə çekləri ilə bağlı məsələ vətəndaşların əksəriyyətini narahat edir. Əlində çeki qalan minlərlə vətəndaş bu məsələ ilə bağlı uzun illərdir daim haqqının qorunmasına can atıb, ictimai nüfuzlu şəxslər isə müəyyən çağırışlar ediblər. Ona görə də vətəndaşların şikayəti ilə bağlı məsələyə nəzarət gücləndirilməlidir. Reallıq budur ki, özəlləşdirmə çekləri dövriyyədə olduğu vaxtlar vətəndaşların heç birinin hansısa bir özəlləşdirmədə iştirakı real baş tutmadı. Bu proses formal xarakter daşıdı. Əslində vətəndaşlara verilən özəlləşdirmə çeklərinin kağız parçasına döndərilməsi heç də doğru yanaşma olmadı və bu baxımdan zamanında buraxılan səhvin düzəldilməsinə ehtiyac var.

Bütün hallarda özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması vətəndaşların xeyrinədir. Yaxşı olardı ki, hökumət bu məsələni bir daha nəzərdən keçirsin və dövlət əmlakının özəlləşdirilməsində çeklərin iştirakına şərait yaradılsın. Çeklərin yenidən tədavülə buraxılması iqtisadi cəhətlə yanaşı, sosial baxımdan da əhalinin yaşayış şəraitinə müsbət təsir edəcək. Eyni zamanda bu çeklərin istifadəyə buraxılması vətəndaşların dövlətə olan etimadını artırmağa və ictimai maraqların qorunmasına effektiv təsir edəcək”.

Politoloq Elman Vəliyev isə öz növbəsində qeyd edib ki,  sözügedən çeklərin tədavülü vətəndaşların sosial rifahına əhəmiyyətli şəkildə müsbət təsir edəcək:

“Əslində özəlləşdirmə çeklərindən müəyyən məqsədlə bir sıra sahələrdə istifadə edilməsi nəzərdə tutulub. Bu özəlləşdirmə çekləri 1996-2011-ci illər arasında leqal formada dövriyyədə oldu. Hökumət bu çeklər vasitəsilə xalqın rifahında müəyyən yaxşılaşma gedəcəyini düşünürdü. İlk başlardan çeklərin dəyəri yüksək idi. Hətta bəziləri fürsətdən istifadə edib, səhmlər alırdı. Ancaq bəziləri bu qiymətli kağızları saxlayaraq daha da dəyərlənəcəyini düşünürdülər. Lakin 2011-ci ildə vauçerlərin istifadəsi dayandırıldı. Buna baxmayaraq, “qara bazar” da özəlləşdirmə çeklərinin alqı-satqısı hələ də davam edir. Hətta metroların önündə bu daha qabarıq şəkildədir.

Vauçerlərin yenidən tədavülü fonunda əlində çekləri qalan vətəndaşlar bu vəziyyətdən  yararlana biləcəklər. Özəlləşdirmə çeklərinin tədavülü həyata keçirilərsə, bu hal  əlində çeki olan aztəminatlı insanlar üçün müsbət hal olar. Sadəcə diqqətli olmaq lazımdır ki, sıravi vətəndaşların əllərində olan çekləri ucuz qiymətə alıb dəyərləndirəcək “dələduzlar”ın qarşısı alınsın. Əgər belə proses baş verərsə, xalqı məlumatlandırmaq mühüm şərtdir”.

Qeyd: Açıq Məktubun tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/