İnterpress.az Xalq artisti Mələkxanım Eyubovanın qızı, bloger Nəzrin Nəcəfovanın (Nez) olay-a müsahibəsini təqdim edir.
“Novikov Café”də söhbətləşdiyimiz Nez özü və fəaliyyəti ilə bağlı sualları cavablandırıb.
-Bildiyim qədərilə, diplomunuzu müdafiə etməyinizə az qalıb, hansı hissləri keçirirsiz?
– Ay sonuna az qalıb. Həm yorucu, həm də həyəcanlı iş rejimim var. İnşallah çox maraqlı və yüksək səviyyədə diplom müdafiəm olacaq.
– Rəssamlıq fəaliyyətiniz nə yerdədir?
– Hələ ki rəssamlıq fəaliyyətimi dayandırmışam. Fərdi sərgi etməli idim. Pandemiya ilə bağlı bu arzumu həyata keçirə bilmədim. Yaxın gələcəkdə həm rəssamlığa davam edəcəm, həm də geyim brendimin fəaliyyətini bərpa edəcəm.
– Rifahınız, ailə durumunuz yaxşı olmasaydı, yenə Azərbaycanda azgəlirli bir sənət olan rəssamlığı seçərdiz?
– Əgər biri işə həvəs varsa, o maddiyyata baxmır. Yenə də bu sənəti seçərdim. Onsuz da bu işi düşünməmişdim ki, gəliri çox olacaq, qazanacam. Sadəcə öz istedadımı bu işə olan sevgimə görə seçmişəm. Yenə də rəssamlığın arxasınca gedərdim.
– Eyni zamanda blogerliklə də məşğulsuz, amma elə bil həm blogersiz, həm də deyilsiz. Çünki qalmaqallarda filan yoxsuz, həmişə sakit seyr etməyi seçirsiz.
– Mən xasiyyətcə çox sakit insanam. Hər zaman qalmaqallardan, mübahisələrdən uzaq olmağa çalışmışam. Lakin bu sferada qalmaqal çoxdur. Mən uzaq gəzirəm. Ona görə həm blogerəm, həm deyiləm (gülür).
– Sizcə, yerli blogerlərə yanaşma niyə birmənalı deyil? İnsanların çoxu bizim blogerlərə havayı yeyib gəzən kimi baxırlar…
– Məncə, cəmiyyətin müəyyən qismi blogerləri ciddi qəbul etmir. Xaricdə isə bu, bir sənətdir. Bizdə isə ciddi yanaşılmır. Bu isə çox yanlışdır.
– Bəs, blogerlər necə? Özləri işlərinə ciddi yanaşır?
– Bəzi blogerlər bütün həyatını və gününü bu işə sərf edir. Yeni işlər görür, maraqlı kontent yaradır. Bəziləri isə çox da ciddi yanaşmır. Məncə, elə onlar da iki yerə ayrılıblar.
– Ananız məşhur xanəndədir, eyni zamanda qohumlarınız – Ramal İsrafilov, Mirkamil Kamilov, ümumilikdə məşhurların əhatəsindəsiz, müsbət tərəfləri var, asan məşhurlaşırsız, medyatik olursuz, bəs sıxıntıları nələrdir?
– Onların haqqında bir qalmaqal olanda anamın da adı hallanır. Bu, bir az ailəmizi narahat edir ki, problem onundur, niyə adımız istifadə olunur. Bəlkə də düşünürlər ki, Mələkxanımın qohumlarıdır, ona görə onu da məsələyə daxil edək. Bir az sıxıntılı məsələ budur. Amma mənim üçün fəxrdir ki, belə gözəl, istedadlı qohumlarım var.
– Əvvəl gizlənirdiz, necə oldu ki, evdəkiləri razı salıb blogerliyə başladız? Çünki atanız bildiyim qədərilə zəhmli bir adam, ananız da incəsənətdə olsa da, yenə də zəhmli bir xanım…
– Bizə ailədə qadağa olmayıb. Çünki elə böyümüşük ki, özümüz harda necə geyinmək lazımdır, necə hərəkət etmək lazımdır bilmişik. Onlar bizə çox inandıqları üçün qadağa qoymayıblar. Sadəcə məsləhət veriblər.
– Bizdə bir tendensiya var, analar nə qədər məşhur olsalar da, qızlarını bu mövzuda çərçivəyə salırlar, istəmirlər. Necə oldu ki, bu qəlibi qıra bildiz?
– Uşaq vaxtı Aybəniz Haşımovanın “Bülbüllər” qrupunda ifa etmişəm, Oqtay Zülfüqarovun xor ansamblında da olmuşam. Demək olar ki, musiqinin içində böyümüşəm. 4-5-ci sinifdə oxuyanda anam gördü ki, bu işə ciddi yanaşıram. Özü dedi ki, istəmirəm bu sənətdə olasan, çünki çox çətin işdir. Ona görə məni qrupdan çıxardı ki, dərslərimlə məşğul olum və texniki sahəyə yönəlim. Atam da həkim olmağımı istəyirdi.
Mən də bu sferadan uzaqlaşdım. Amma uşaq vaxtı məndən soruşurdular ki, böyüyəndə nə olacaqsan? Mən də müğənni olacağımı deyirdim. İndi də evdə oxuyuram. Amma səsim elə də yaxşı deyil. Olsa, ən azından “Youtube”da video paylaşa bilərdim. Yenə də musiqinin içərisində idim, bütün gün şəkil çəkirdim. Atamın da gözəl rəssamlıq qabiliyyəti var, onunla bərabər şəkillər çəkirdim. O incəsənət ruhu həmişə yaşayırdı. Anam isə texniki sahədə işləyəcəyimi düşünürdü. Gördüm ki, məni incəsənət, rəssamlıq çəkir. Bu da elə bir sənətdir ki, göz önündə olmalısan, yoxsa irəli gedə bilməzsən. Anam deyir ki, insan nələr düşünür, amma həyat nələr gətirir. Deyir, mənim göz önündə olmağımı istəmirmiş, amma həyat elə gətirdi ki, mən də tanındım. Bunlar hamısı Allahın qismətidir. Atam da qabiliyyətimi, həvəsimi görəndən sonra razılaşdı.