Məşhur Çak Norris və Brüs Li ilə birlikdə məşq edən və baş rollarda oynayan amerikalı aktyor və döyüş ustası Robert Uoll 83 yaşında vəfat edib.
İnterpress.az-ın TMZ-yə istinadən verdiyi məlumata görə, Robert Uoll Brüs Linin baş qəhrəman kimi rol aldığı 1972-ci ildə “Əjdahanın yolu” və 1973-cü ildə “Əjdahanın çıxışı” filmlərində çəkilib. “Əjdahanın çıxışı” Hollivudun şərq döyüş üslublu ilk döyüş sənəti filmi idi və premyeradan altı gün əvvəl vəfat edən Linin baş rolda oynadığı sonuncu film olub.
Robert Uoll 22 avqust 1939-cu ildə ABŞ-ın Kaliforniya ştatında anadan olub. O, Çak Norrisin rəhbərliyi altında tanqsudo və çunkukdo üzrə 9-cu dərəcəli qara kəmərə malikdir. 1970-ci ildə ABŞ Peşəkar Karate Çempionatının qalibi olub.
Uoll, həmçinin 1988-1992-ci illər arasında Stiven Siqal ilə bir sıra problemlərə səbəb olan açıq rəqabəti ilə tanınır. Bu, Siqalın Brüs Li, Çak Norris və digər Amerika döyüş sənətçiləri haqqında aşağılayıcı şərhlər söyləməsindən sonra başlayıb.