Hamımız şahidik ki, Cənab Prezident İlham Əliyev Azərbaycanın regional miqyasdan dünya çapında təsiredici gücə malik dövlətə çevrilməsi üçün böyük əzm və enerji ilə çalışır. İlham Əliyev hörmətli Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Azərbaycanın daha da qüdrətlənməsi üçün bir çox dünya ölkəsinin həsəd aparacağı qətiyyətli siyasi, iqtisadi, sosial və hərbi strategiya xətti müəyyən ediblər.
Azərbaycan cəmiyyəti bu siyasi kursun nəticəsini addım-addım hiss edir. Məhz bunun nəticəsidir ki, dövlətimiz dünyanın əsas geosiyasi mərkəzlərinin Ermənistanın himayəçisi rolunda çıxış etməsinə baxmayaraq minlərlə erməni işğalçısını məhv edərək rəsmi İrəvanı diz çökdürdü. Azərbaycanı bütövləşdirdi! Müzəffər Ali Baş Komandanın, qəhrəman Azərbaycan oğul və qızlarının polad iradəsi, Ordumuzun Vətən müharibəsindəki şücaəti nəticəsində Ermənistan sözün əsl mənasında hələ də şok keçirir.
Belə qlobal uğurlarla yanaşı Cənab Prezident mütəmadi olaraq ölkəiçi problemlərin də həlliylə bağlı açıq çıxışlar edir, məmur qudurğanlığını sərt tənqid edir və bununla da xalqa zülm edən məmurlarla bağlı radikal qərarların alınmasını stimullaşdırır.
Cənab Prezident demək olar ki, Azərbaycan televiziyalarına hər müsahibəsində ictimai nəzarətin gücləndirilməli olduğunu deyir. Bunu vətəndaş cəmiyyəti qarşısında yaxşı mənada vəzifə kimi irəli sürür.
Amma bir sıra hallarda biz Prezidentin tapşırıqlarından nəticə çıxartmalı olan məmurların fəaliyyətində nəyi müşahidə edirik?
Açıq danışaq, öz vəzifə səlahiyyətlərindən cəmiyyətin və dövlətin maraqlarının əksinə istifadə edənlərin Cənabın dediklərinin ziddinə getdiklərinin!
Belələri gənclər siyasəti sahəsində də var, digər sahələrdə də.
Bəziləri bir əskiklik, nöqsanla bağlı toplantıda tənqidi bir mövqe bildirən və ya yazan kimi adamı hədəf taxtasına çevirməyə və səni bir daha problemlər barədə danışmaqdan çəkinməyə çağırırlar. Belələrinin yeganə dərdi, vəzifəsi xalqa xidmət etmək yox, dövlətin inkişafının qarşısını alan fəaliyyətlərinin tənqidinə imkan verməməkdir.
Çünki Cənab Prezidentin də dediyi kimi problemlərin ictimailəşəcəyi halda onunla bağlı yuxarı orqanların ölçü götürəcəyindən, vəzifələrini itirəcəklərindən qorxurlar!Onlar Prezidentin tapşırıqlarını icra etmək əvəzinə onun əksinə gedirlər. Sivil ictimai nəzarətin qarşısı alındıqda, belə səhv münasibət göstərildikdə isə cəmiyyətdə ictimai nəzarətin hörmətdən salınaraq dələduzların cinayət yolu ilə sərvət toplamasına yol açılır.
Bu gün Daxili İşlər Nazirliyinin yaydığı açıqlamanı və videogörüntüləri izləyənlər bir daha başa düşür ki, ictimai nəzarəti dələduzluq, insanları şantaj etmə kimi sırımaq mümkün deyil.
Amma məsələ bununla da bitmir. Gəlin düşünək, bəs necə olur ki, belələrinin meydan sulamasına göz yumulur? Çünki ictimai nəzarətin bu formada gpzdən salınması görünür ki, kimlərəsə sərf edir. Şükür ki, dövlət baba sonda öz sözünü deyir.
İnkişafın qarşısında səddə çevrilən, utanmadan məsuliyyəti ayrısının boynuna atanlar bununla da kifayətlənmir, səni şərləməklə də hədələyirlər. Amma anlamırlar ki, hər bir namuslu Azərbaycan gənci böyük xarici himayədarlarına baxmayaraq Şuşada yallı gedən minlərlə ermənini leşə çevirən Cənab Prezidentin, Ali Baş Komandan mülki həyatda da yaxın silahdaşı, əsgəridir.
Nə qədər gec deyil, dövlətə və bu dövlətin ali rəhbərinə xidmət edin, cılız məqsədlərə yox!
Asim Vəliyev