Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək vermək məqsədi ilə 21-27 fevral tarixləri aralığında “Davam” Gənclər Hərəkatı tərəfindən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalıya Ədalət” həftəsi həyata keçirilib.
İnterpress.az xəbər verir ki, 21 fevral tarixində Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva ilə “Erməni zindanında 8 gün” mövzusunda, 22 fevral tarixində Xocalı soyqırımının şahidi Mürvət Məmmədov ilə “Xocalı – XX əsrin faciəsi” mövzusunda görüş baş tutub. Görüşlər zamanı şahidlər Xocalı soyqırımı zamanı yaşadıqları acı xatirələrini gənclərlə bölüşüb, onların suallarını cavablandırıblar.
25-26 fevral tarixlərində “Park Bulvar” Ticarət Mərkəzində Xocalı soyqırımı ilə bağlı 30 rəsm əsərinin nümayiş olunduğu “Xocalı” rəsm sərgisi açılıb. Bu rəsm əsərlərində Xocalı soyqırımını ifadə edən kədər, hüzn, erməni vandalizmi, soyqırım həqiqətləri, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyev, qalib Azərbaycan xalqı və ordusu yer alıb. İki gün ərzində davam edən sərgi ticarət mərkəzinə gələn şəhərimizin qonaqları və Bakı sakinlərinin böyük marağına səbəb olub.
25 fevral tarixində politoloq Orxan Vəliyev ilə “Xocalı soyqırımı və tarixi həqiqətlər” mövzusunda görüş baş tutub. Görüş zamanı Xocalı hadisələri ilə bağlı bir sıra məqamlara toxunulub, gənclərin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb, fikirləri dinlənilib.
25 fevral tarixindən Xocalı hadisələri ilə bağlı tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə sosial media kampaniyasına start verilib. 27 fevral səhər saatlarına kimi davam edən kampaniyada #XocalıÜçünPaylaş devizi ilə 350-dən çox gənc iştirak edib.
Həmçinin kampaniya çərçivəsində #Xocalı30 həştəqi ilə 14 min 200, #XocalıSoyqırımı həştəqi ilə 12 min, #Xocalıüçünpaylaş həştəqi ilə 11 min 300, #davam2022 həştəqi ilə isə 11 min 500 paylaşım edilib. Kampaniya yerli və qlobal səviyyədə 2 milyondan çox istifadəçiyə çatıb. Kampaniya çərçivəsində xüsusi diqqət ayrılan #JusticeForKhojaly həştəqi ölkə və dünya azərbaycanlılarının da dəstəyi nəticəsində qlobal “Twitter” gündəmi olub.
26 fevral tarixində “Davam” Gənclər Hərəkatının katibliyi və davamçı gənclər Bakının Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində 26 fevral tarixində “Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirilib. Bakı Konqres Mərkəzində baş tutan tədbirdə “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev, hərəkatın katibliyi və davamçı gənclər iştirak edib.
Ümumilikdə, “Xocalıya Ədalət” həftəsi çərçivəsində birbaşa 6521, virtual olaraq isə 2 milyondan çox insana Xocalı faciəsi ilə bağlı maarifləndirici məlumatlar çatdırılıb.