Burun axıntısını özbaşına müalicə edən gənc beyin ödemi səbəbilə əməliyyat olunub.
İnterpress.az xəbər verir ki, bu barədə regionun Rusiya Səhiyyə Departamenti məlumat yayıb.
Surqut sakini burun axıntısını dörd ay ərzində özbaşına müalicə edib və həkimə müraciəti təxirə salıb.
Nəfəs almaqda çətinlik yarandıqdan sonra xəstəxanaya müraciət edən gəncin KT müayinəsində xroniki frontal sinusit, alın cibinin divarının dağılması, beyin absesi və beyin ödemi aşkarlanıb.
İltihabın beyin qişasına və beyin toxumasına yayıldığı, ödem və beyin strukturlarının yerdəyişməsi səbəbilə həyati vacib mərkəzlərin təhlükə altında olduğu bildirilib.
Həkimlər əvvəlcə burunətrafı cibləri drenaj edib, daha sonra gənc reanimasiyaya yerləşdirilərək kəllə trepanasiyası əməliyyatına alınıb. Əməliyyat zamanı irinli ocaq təmizlənib.
Növbəti gün isə alın cibi açılaraq sümük parçaları, irin və göbələk kütlələri çıxarılıb.
Xəstə evə buraxılıb və bundan sonra nevroloq və LOR həkiminin nəzarətində olacaq.
Xuraman Etibarlı
İnterpress.az






