Prezidentin Ukrayna siyasətinə MEYDAN OXUMAQ: Deputat Elşad Mirbəşir oğlunu kim və necə cəsarətləndirir?backend

Prezidentin Ukrayna siyasətinə MEYDAN OXUMAQ: Deputat Elşad Mirbəşir oğlunu kim və necə cəsarətləndirir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu Azərbaycanın rəsmi dövlət siyasətinə zidd mövqe tutaraq Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyib.

Azərbaycanda rəsmi status daşıyan şəxsin timsalında ölkənin rəsmi siyasətinə uyğun olmayan davranış sərgilənməsinə dair daha bir arzuedilməz hal yaşanıb. Çox təəssüf ki, baş vermiş hadisənin antiqəhrəmanı Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, eyni zamanda, daha bir neçə mühüm dövlət qurumunda təmsil olunan Elşad Mirbəşir oğludur.

Bu il fevralın 25-də Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar İstanbul Universiteti Ədəbiyyat Fakültəsində “Azərbaycanla qardaşlıq konfransı” təşkil olunub. Konfransa Azərbaycandan bir sıra QHT və media rəhbərləri ilə parlamentin deputatı Elşad Mirbəşir oğlu da qatılıb və tədbirdə çıxış edib.

Lakin Rusiyanın bu konfransdan cəmi bir gün əvvəl – fevralın 24-də Ukraynaya hərbi təcavüzə başlaması tədbirin gedişinə təsirsiz ötüşməyib və bəzi natiqlərin çıxışında bu məsələyə də toxunulub.

Nə qədər təəccüblü olsa da, konfransda çıxış edən bir çox natiqlər öz nitqlərində hərbi təcavüzə görə Rusiyaya bəraət donu biçərək Ukraynanın Donetsk və Luqansk vilayətlərində Kremlin birbaşa iştirakı ilə yaradılan separatçı rejimləri “müstəqil dövlət” kim təqdim etməyə çalışıblar.

Azərbaycan dövlətinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini birmənalı tanımasını və bu məsələnin müzakirə mövzusu olmamasını nəzərə alan azərbaycanlı qonaqların əksəriyyəti bu çıxışlara etiraz olaraq nümayişkar tərzdə konfrans zalını tərk edib.

Azərbaycandan getmiş digər nümayəndələrdən fərqli olaraq deputat Elşad Mirbəşir oğlu konfransda iştirakına nəinki ara verməyib, hətta rəsmi Bakının Ukraynaya yönəlik siyasətinə daban-dabana zidd olan çıxışlarla həmrəyliyini gizlətməyib. Mirbəşir oğlu bununla da kifayətlənməyərək öz çıxışında Rusiyanın Ukraynaya qarşı tacavüzünə haqq qazandıraraq Kremlin işğalçılıq siyasətini “Solovyov-Simonyan arqumentləri” ilə “əsaslandırmağa” cəhd göstərib.

Deputat beynəlxalq hüquq normalarına, həmçinin Azərbaycan-Ukrayna münasibətlərinin mövcud durumuna məhəl qoymayaraq Rusiyanın təcavüzünə görə rəsmi Kiyevi suçlayacaq qədər irəli getmək cəsarəti göstərib. Politoloq-deputat yolverilməz mövqeyini Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətlərinə dair müqavilənin imzalanması ilə pərdələyərək bu faktın arxasında gizlənib.

Əlbəttə, sözügedən davranışa “obıvatel” səviyyəli bir fərd tərəfindən yol verilsəydi, bunu, haradasa, başa düşmək olardı. Qeyd oluna bilərdi ki, adam siyasətdən, dövlətlərarası münasibətlərdən və sairədən məlumatsızdır. Amma reallıqda söhbət Milli Məclisin deputatından, siyasətşünaslıq üzrə professor ünvanının sahibindən, hakim partiyanın rəhbərliyində təmsil olunan şəxsdən gedir. Axı indiki halda kiminsə bu deputata siyasət üçün elementar sayılacaq məsələləri izah etməsinə ehtiyac yoxdur, olmamalıdır. Yəni bəsit nüansları başa düşmək bu qədərmi çətindir? Mirbəşir oğlu hansı haqq və əsasla Azərbaycanın rəsmi dövlət siyasətinə zidd mövqe sərgiləyir və dost ölkəyə qarşı hərbi təcavüzə haqq qazandırır? Burada təsadüf elementi birmənalı istisnadır.

Belə görünür ki, məsələ heç də deputatın yuxarıda vurğulanan məqamlardan xəbərsiz olmasında deyil. Mirbəşir oğlunun təcavüzkar Rusiyanı dəstəkləməsi Azərbaycanda Kremlə bağlı olan “beşinci kolon”un hələ də ayaqda qalmasının və onun uzantılarının Milli Məclisdə də möhkəm dayaq əldə etmələrinin təsdiqidir. Əks halda, nə Mirbəşir oğlu, nə də başqaları bir ölkənin digərinə qarşı hərbi təcavüzünə qardaş Türkiyədə keçirilən konfransda açıq mətnlə haqq qazandıra bilərdi.

Bu, Azərbaycan dövlətinin, prezident İlham Əliyevin milli maraqlara söykənən siyasətinə həyasızcasına meydan oxumaqdır və qətiyyən cəzasız qalmamalıdır. Ümid edir və inanırıq ki, Mirbəşir oğlunun bu davranışına görə deputat mandatından məhrum edilməsi üçün zəruri prosedurlara təcili surətdə start veriləcək və proses ən qısa vaxtda məntiqi sonluğa yetişdiriləcək. Əks halda, Rusiyanın “beşinci kolon”u Azərbaycan dövlətinin təməllərini sarsıtmağa və dost ölkələrlə münasibətləri korlamağa hesablanmış fəaliyyətini daha da genişləndirəcək.

Buna heç bir halda imkan vermək olmaz!

A.Zeynalov

Yenicag.az