Şamaxı şəhərində “Fərdi İnkişaf Akademiyası-3” düşərgəsi keçirilib.
İnterpress.az xəbər verir ki, tədbir Gənclər və İdman nazirliyinin maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin (OYGİB) təşkilatçılığı ilə baş tutub.
3 gün davam edən düşərgənin əsas məqsədi gənclərin fərdi inkişafına xidmət etmək idi. Bundan əlavə, gənclərarası şəbəkələşməyə xüsusi diqqət ayırılan düşərgədə 45 gənc iştirak edib.
Düşərgədə peşəkar təlimçilər tərəfindən “Ünsiyyət bacarıqları”, “Təqdimat bacarıqları”, “Layihə yazılışı və idarə olunması” və mövzularında təlimlər keçirilib.
Məlumat üçün bildirək ki, “Fərdi İnkişaf Akademiyası” layihəsi “Odlar Yurdu” GİB tərəfindən davamlı həyata keçirilən layihələrdən biridir. İlk dəfə 2015-ci ildə Gəncə və Qəbələ şəhərlərində, 2017-ci ildə Masallı şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib. Ümumilikdə 10 illik təcrübəsi müddətində OYGİB bir çox uğurlu layihə və düşərgələr təşkil edərək, 10.000-ə yaxın gəncin faydalanmasını təmin edib.