Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalandı. Sazişi Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. Bu saziş Azərbaycanın Avropanın enerji bazarlarında əhəmiyyətini artıran, məsuliyyət payını da çoxaldan bir sənəddir.
Mövzu ilə bağlı siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında bildirib ki, palitra Avropa ölkələrinin tələbatlar piştaxtasında Azərbaycanın enerji məhsullarının bolluğu üçün şərait formalaşdırır və neft-qaz cazibəsinin paralelində bərpa olunan mənbələrdən alınan enerjinin ixracını stimullaşdırır:
“Azərbaycanın yerləşdiyi coğrafi nöqtə Avropa bazarları üçün əlverişlidir. Çünki Azərbaycan neft-qaz amili ilə yanaşı, ortaya bərpa olunan enerji mənbələrinin ixracını təşviq edən ideyalar da qoyur və işğaldan azad olunmuş ərazilərin sayəsində bu potensialını inkişaf etdirir. Sazişə əsasən, Azərbaycanın külək enerjisindən əldə edəcəyi “yaşıl” enerji Qara dənizin dibi ilə Avropaya daşınacaq. Bununla da Azərbaycan, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, xarici sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilir. Hələlik bu sahədə Azərbaycanın xarici investorlarla əməkdaşlığı elə də geniş spektrə malik deyil, Bakı Böyük Britaniyanın bp, Səudiyyə Ərəbistanının “ACWA Power”, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə əməkdaşlıq edir, bir neçə gün öncə isə Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə çərçivə sazişi imzaladı.
İmzalanan saziş təkcə 4+1 formatı ilə (Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan+Avropa İttifaqı) məhdudlaşmır, bu, digər xarici investorlar üçün də cəlbedicidir. Ona görə ki, investisiyaların genişlənməsi oyunçuların maraqlarının təmini üçün vacibdir. Qərb Azərbaycanın enerji resurslarının Avropanı doydurmasını istəyirsə, o zaman Bakıya təhlükəsizlik zəmanətləri də verməlidir. Enerji və təhlükəsizlik harmoniyası birlikdə işlənilib-hazırlanmalıdır, yəqin ki, bunun üzərində də işlər gedir”.