Baş prokuror Kamran Əliyevin dəvəti ilə Türkiyənin Hakimlər və Prokurorlar Şurasının geniş tərkibli nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Baş prokurorluqdan İnterpress.az-a verilən məlumata görə, Qonaqlar Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Şəhidlər xiyabanını ziyarət edən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi ziyarət edilib.
Daha sonra Baş Prokurorluqda görüş keçirilib. Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın sarsılmaz səyləri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdirildiyini qeyd edib.
Baş prokuror Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə nümayəndə heyətini təbrik edərək, 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə göstərmiş olduqları siyasi və mənəvi dəstəyə görə Türkiyə rəhbərliyi və xalqına minnətdarlığını bildirib, bu ilin sentyabr ayında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suveren ərazi bütövlüyü tam şəkildə bərpa edildiyini vurğulayıb. Kamran Əliyev ölkə rəhbərliyinin diqqət və qayğısı ilə işğaldan azad edilmiş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Hakimlər və Prokurorlar Şurasının 1-ci Dairə üzvü xanım Aysel Demirel təmsil etdiyi qurumun Azərbaycanın prokurorluq orqanları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirərək, 8 noyabr Zəfər Günü münasibətilə təbriklərini ifadə edib, bu əlamətdar tarixdə Azərbaycana gəldiklərindən məmnunluğunu bildirib.
Görüşdə ikitərəfli və çoxtərəfli formatda birgə fəaliyyətin perspektivləri, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquqi əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi ilə də tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar, həmçinin qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar qonaqlarda zəngin təəssürat oyadıb.
Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.