Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev “Aktual Media”nın nəzdində fəaliyyət göstərən “Aktual Məktəb” Jurnalistika Kursu III iştirakçıları ilə görüşüb.
Azərbaycanın Gürcüstandakı Səfirliyində kurs iştirakçılarını qəbul edən diplomat gənclərlə tanış olub, kurs barəsində məlumat alıb.
Kursun təşkilatçısı, “Aktual Media”nın Baş direktoru İlkin Hüseynov diqqətə və qəbula görə Azərbaycan səfirinə təşəkkür edib. O, bildirib ki, kursun əsas məqsədi Gürcüstanda azərbaycanlılar arasında jurnalistikaya meyli, marağı olan gənclərə dəstək vermək, onların bilik və bacarıqlarının artırılmasına dəstək olmaqdır. Media rəhbəri bildirib ki, kursda iştirak edən 18 nəfər azərbaycanlıya jurnalistikanın əsasları, janrları, prinsipləri nəzəriyyə hissəsi və praktiki hissəsi barədə peşəkarlar tərəfindən təlim keçilib, üstəlik kurslar ilə yanaşı bir sıra sahənin mütəxəssisləri ilə də seminar görüşlər keçirilib.
İlkin Hüseynov deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib. Xüsusən gənclərin təhsil almaları və hər il yüzlərlə gənc Azərbaycanın dəstəyi ilə Gürcüstan Dövlət univerisitetlərindən məzun olur.
Faiq Quliyev isə bu kimi kursun “Aktual Media” tərəfindən Marneulidə artıq üçüncüsünü həyata keçirməsindən məmnunluğunu ifadə edib və gənclərə uğurlar arzulayıb. Səfir Azərbaycanda 2023-cü ilin Uluöndər Heydər Əliyev ili olduğunu xatırladıb və bu münasibətlə Gürcüstanda daxil dünyanın dörd bir tərəfində ümumimilli liderin ehtiramına çox sayda təntənəli tədbirlərin keçirildiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin yardımı ilə Gürcüstanda məktəblər, idman kompleksləri, uşaq bağçaları tikilir, əsaslı təmir olunur. Azərbaycandilli məktəblər də müasir kitablar və dərs ləvazimatları ilə təmin olunurlar. Siz gənclər bundan istifadə edib siyasi, iqtisadi, humanitar, beynəlxalq münasibətlər üzrə biliklərini artırmalıdır.
Faiq Quliyev kursda təhsil alan gənclərə siyasi, iqtisadi, humanitar, beynəlxalq münasibətlər üzrə biliklərini artırmağı tövsiyə edib.
Səfir gəncləri maraqlandıran suallara, onları maraqlandıran məsələlərə aydınlıq gətirib və kursun iştirakçıları ilə bir sıra müxtəlif mövzularda müzakirələr aparıb. Diplomat sonda Aktual Məktəbin iştirakçıları ilə ailə fotosu çəkdirib.
Məlumat üçün bildirək ki, “Aktual Media”nın nəzdində fəaliyyət göstərən Aktual Məktəb jurnalistika kursu fəaliyyətinə 2021-ci ildən başlayıb və bu günə qədər 21 məzunu var.