ABŞ prezidenti Co Bayden federal hökumətin bağlanmasının qarşısını alacaq müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden daha əvvəl Nümayəndələr Palatası və Senat tərəfindən qəbul edilən qanun layihəsini imzalayıb.
Qanun layihəsi Energetika, Kənd Təsərrüfatı, Nəqliyyat, Mənzil İnşaatı və Şəhərsalma kimi nazirliklərə yanvarın 19-dək, hökumətin qalan hissəsinə, o cümlədən Müdafiə Nazirliyinə (Pentaqon) isə fevralın 2-dək maliyyə ayrılmasını nəzərdə tutur.
Hökumətin bağlanmasının qarşısını almaq üçün ikinci müvəqqəti büdcə
Bildirilib ki, Bayden ölkədə 2023-cü maliyyə ili başa çatan sentyabrın 30-da qəbul edilən müvəqqəti büdcənin bitməsinə saatlar qalmış imza atıb və noyabrın 17-dək hökumətə maliyyə ayırıb.
Bu qanun layihəsi 1 oktyabr 2023-cü ildə başlayan 2024-cü maliyyə ilində hökumətin bağlanmasının qarşısını almaq üçün 2-ci müvəqqəti büdcə idi.
Amerika qanunlarına görə, Konqres oktyabrın 1-də başlayan və sentyabrın 30-da başa çatan maliyyə ili üçün daimi büdcəni təsdiq edə bilməzsə, boşluq müvəqqəti büdcələrlə bağlanmalıdır. Müvəqqəti büdcənin təsdiq edilə bilməyəcəyi dövrlərdə xərcləmə səlahiyyətlərini itirmiş federal qurumlar fəaliyyətini müvəqqəti dayandırır.