2023-cü il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 12 715 müraciət daxil olub.
İnterpress.az-ın məlumatına görə, bunu “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Şöbə rəisinin sözlərinə görə, bunlardan 5 461 müraciət “Opentext” elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub: “Bu müraciətlər elektron formada sistemə yüklənir və həmin müraciətlərin cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur. “Opentext” proqramı vasitəsilə daxil olan müraciətlərin sayı 2022-ci illə müqayisədə 1 027 müraciət azdır”.
İ. Kərbalayev bildirib ki, daha 7 254 müraciət elektron formada daxil olub.
O qeyd edib ki, daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub: “Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavablandırılması həyata keçirilib”.