Dünya bir Qəzza faciəsi yaşayır. İnsanlıq tarixi üçün utanc və kədər yaşadan Qəzza faciəsi.
Ötən il oktyabrın 7-də başlayan müharibənin statistikası və bu günkü mənzərəsi sözlə ifadə edilməyəcək qədər dəhşətlidir. Bu müddət ərzində İsrail Qəzza zolağında mülki əhalinin yaşadığı evlərə 70 min ton bomba atıb, Atılan bombalar arasında qadağan olunmuş fosfor bombaları və kaset bombaları da var.
Əsasən qadın və uşaq olmaqla təxminən 30 min insanı qəsdən öldürüb, 3 min nəfər saxlanılıb və ya əsir götürülüb. Bu insanlarla amansız, qeyri-insani və alçaldıcı rəftar edilib. 2 milyon fələstinli öz yerlərini və evlərini tərk etmək məcburiyyətində qalıb. İsrail mülki hədəflərə, xüsusilə xəstəxanalar, məktəblər, məscidlər, kilsələr və müxtəlif mülki təşkilatlara qarşı yüz minlərlə hücum həyata keçirib.
İnsanların ləyaqətini tapdalayan İsrail əsgərləri qadın və uşaqları minlərlə dəfə soyunmağa məcbur edərək, alçaldıcı şəkildə sərhədyanı bölgələrə aparıblar. Bütün Qəzzada blokadanı gücləndirən İsrail, insanları ac buraxmağı müharibə üsulu olaraq istifadə edib. Bölgədə humanitar böhran son həddə çatıb. Ağır hücumlar nəticəsində xəsarət alanların artması fonunda tibbi ləvazimatlar, dərman vasitələri, həkim heyətləri kəskin şəkildə çatışmır. İsrail əsgərləri bölgəyə göndərilən humanitar yardımı belə süngü ilə qarşılayır.
Bu gün faşizmin yəhudi xalqına yaşatdığından daha betərini İsrail Qəzzada müsəlmanlara yaşadır. Və dünya buna nəinki susur, hətta görməzdən gəlir. Beynəlxalq təşkilatlar və qlobal sistem bu vəhşilik qarşısında çox pis sınaqdan keçir. Qlobal sülh və sabitliyin təmin edilməsindən məsul olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bir daha dünya üçün əhəmiyyətsiz bir qurum olduğunu göstərdi. Biz, azərbaycanlılar 30 illik işğal dönəmində də, elə son 3 ildə baş verən 44 günlük müharibə və antiterror əməliyyatı zamanı da “dünya birliyi” deyilən mücərrəd və ya məchul qüvvənin Azərbaycana lazımi qədər dəstək verməməsindən və yaxud, ümumiyyətlə, susmasından həmişə gileylənmişik. Budur, həmin o “dünya birliyi” Qəzzada öz çirkin simasını yenidən ortaya qoyub. Daha çox ağır gələn isə müsəlman ölkələrinin bir çoxunun da bu susqunluğa qoşulmasıdır.
Hələlik ən böyük dəstək aksiyası Ərdoğanın təşəbbüsü ilə İstanbulda keçirilib. İsraili ən sərt şəkildə tənqid edən lider də məhz Ərdoğandır. Özlərini İslam dünyasının “lider”i hesab edən İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin isə səsi çıxmır.
İran HƏMAS və “Hizbullah” üzərindən kirli oyunlar oynayır. Səudiyyə isə ABŞ-ın diktəsi ilə hərəkət edir. İrandan və Səudiyyədən fərqli olaraq, ən kiçik müsəlman ölkələrindən biri sayılan Bosniya və Herseqovina belə fələstinlilərə daha çox dəstək verdi. Qəzza soyqırımının Beynəlxalq Məhkəməyə Cənubu Afrika Respublikası tərəfindən verilməsi də ayrıca bir ayıb. Fələstinlilərə həm ərazi, həm də mental baxımdan daha yaxın olan müsəlman-ərəb ölkələr isə “atılan daş məndən ötdü, qardaşıma dəydi” prinsipi ilə hərəkət edir, Qəzzada baş verənləri görməzdən gəlirlər.
XXI əsrdə Qəzzada yaşanan hadisələr, insanlıq faciəsi, obrazlar hər halıyla 680-ci ilin oktyabrındakı Kərbəlanı xatırladır. Suyu, işığı, qazı, yolları kəsilmiş, atəş altında təslim olması istənilən Qəzza camaatı indi meydanda tək-tənha qalmış İmam Hüseynin obrazıdır. Bütün bu olanları sakitcə seyr edən, hər şeyə laqeyd, biganə Kufə camaatı isə bu günkü İslam dünyasıdır. Adını müsəlman qoyub fələstinlilərin problemlərinə göz yuman müsəlman ölkələr də o camaatdandır – hər şey olub-bitəndən sonra başlarına döyəcəklər.
Yahudilər İspaniyadan qovulanda, onlara gəmilər göndərib soyqırımdan xilas edən müsəlman Osmanlı dövləti idi. Əgər o zaman Türklər yahudi xalqına qucaq açmasaydı onların sonu da bu gün Qazza xalqı kimi olardı. Guya “soyqırım”yaşamış bir yahudi xalqı, əslində bu gün Fələsdin xalqına dünyanın gözü önündə soyqırım törədir. Qəzzada qətlim var, dünyanın isə gözü kor, vicdanı isə heç yoxdur..
Tənzilə Rüstəmxanlı
Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri