Aspirantını qətlə yetirib doğrayan tarixçi Oleq Sokolov cəzasının yüngülləşdirilməsini istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Peterburqda öz aspirantını qətlə yetirib cəsədini hissələrə ayırmaqda təqsirli bilinən tarixçi Oleq Sokolov həbsxanadan vaxtından əvvəl çıxmaq üçün məhkəməyə müraciət edib.
O, qalan cəza müddətinin icbari işlərlə əvəz edilməsini tələb edir.
2020-ci ildə 12,5 il müddətinə azadlıqdan məhrum edilən Sokolov artıq cəzasının yarısını çəkib.
Bu müddət ona cəzanın qalan hissəsinin daha yüngül tədbirlərlə əvəzlənməsi üçün vəsatət qaldırmaq hüququ verir.
Xatırladaq ki, 2019-cu ildə 63 yaşlı dosent Moyka çayına yıxıldıqdan sonra saxlanılmışdı. Onun çantasından kəsilmiş qadın əlləri və tapança tapılmışdı.
Mənzilində aparılan axtarışlar zamanı isə onun aspirantı Anastasiyanın doğranmış cəsədi aşkar edilmişdi.
İstintaq müəyyən etmişdi ki, gənc qız Sokolovla münasibətlərini kəsməyə çalışıb.
Tarixçi isə qətli “tamamilə ağılın itirilməsi” (ağıl qısalığı) vəziyyətində törətdiyini iddia etmişdi.
Xuraman Etibarlı
İnterpress.az






