Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Neftçala şəhər köhnə qəsəbə sakinləri ilə görüşüb.
Bu barədə İnterpress.az-a Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.
Açıq havada keçirilən görüşdə izdiham yaşanıb.
Toplaşanlar Tənzilə xanımı coşqu və sevgi ilə qarşılayıblar.
Görüşdə Tənzilə Rüstəmxanlının vəkili Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, qəsəbə ziyalıları, şəhid ailələri və qazilər iştirak edib.
Budəfəki görüş ötən görüşlərdən seçici sayının çoxluğu ilə fərqlənib. İştirak edənlərin əksəriyyətini qadınlar təşkil edib.
Tənzilə xanımın vəkilləri görüş iştirakçılarına namizədin platforması haqqında geniş məlumat verib, “Neftçala üçün birlikdə!” şüarının mahiyyətindən danışıb və hər kəsi xanım namizədə səs verməyə çağırıblar.
Tənzilə Rüstəmxanlı görüş iştirakçılarına söz verib ki, millət vəkili olarsa, belə görüşləri mütəmadi davam etdirəcək, diqqət və qayğısını əsirgəməyəcək, Neftçalanın və neftçalalıların problemlərini aradan qaldırmağa çalışacaq, rayonun gələcəyi, daha da abadlaşdırılması yolunda səylərini artıracaq.
O, hər bir kəsi seçkilərdə aktiv iştirak etməyə və layiq olan namizədə səs verməyə çağırıb.
Səmimi ortamda keçən görüşdə qəsəbə sakinləri dinlənilib, onları narahat edən problemlər qeydə alınıb.
Qəsəbə sakinləri yekdilliklə öz səslərini Tənzilə Rüstəmxanlıya verəcəklərini qeyd ediblər. Onlar bildiriblər ki, “biz artıq öz deputatımızı seçmişik, bizim favoritimiz sizsiniz, Tənzilə xanım”.
Tənzilə Rüstəmxanlı ona göstərilən yüksək etimadı doğruldacağına söz verib.