Tariximizə faciə və tənəzzül dövrü kimi daxil olan 1990-1993-cü illərdə Azərbaycan məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması planı artıq çoxdan cızılmışdı.
İndi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq hər kəs etiraf edir ki, əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.
Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyuldu. Azərbaycan 1969-cu ildən başlanan quruculuq xəttinə qaytarıldı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi.
Ümummilli Lider ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.
3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi oldu.
Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən xilas etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-nəqliyyat layihələrini reallaşdırmaqla Azərbaycanın bu günü üçün möhkəm təməl yaratdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, həyata keçirilən sosial-iqtisadi islahatlar respublikamızın milli inkişaf modelinin formalaşması prosesini daha da sürətləndirdi.
Ümummilli Lider ilk gündən bəyan etdi ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir.
Ulu Öndərin müyyənləşdirdiyi və gələcəyə hesablanmış siyasət hər zaman Azərbaycanı möhtəşəm uğurlara aparır.
Son 19 ildə Ümummilli Lider Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev dahi şəxsiyyətin 2003-cü ildə xalqa müraciətində inamla səsləndirdiyi fikirləri reallığa çevirdi.Ulu Öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin, onun layiqli davamçısı Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi yazdı.
1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində uğurla addımlayan, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırlıq işlərini yüksək səviyyədə həyata keçirən, beynəlxalq nüfuzunu möhkəmləndirən, ordu quruculuğu sahəsində davamlı addımlar atan Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində Zəfər tarixini yazdı. Ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin nəticəsi olaraq Azərbaycan sözünün imzası qədər əhəmiyyətli olduğunu dünyaya nümayiş etdirdi.
Bu gün dünya güclərinin Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqları qəbul edib, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səyləri də bunun təsdiqidir. Bu zirvəyə, inkişafa, tərəqqiyə gedən yolun başlanğıcı isə heç şübhəsiz Ümummilli Liderin adı ilə bağlıdır.
Milli Məclisin deputatı
Tənzilə Rüstəmxanlı