Tacikistan həbsxanasında İŞİD tərəfdarları üsyan edib.
İnterpress.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən Müasir Əfqanıstanın Tədqiqi Mərkəzinin (CISA) eksperti Serenko məlumat verib.
İŞİD tərəfdarı olan bir qrup məhbus Tacikistanın Vəhdət şəhərindəki həbsxana koloniyasını ələ keçirib.
İlkin məlumata görə, ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi həlak olub, daha bir neçə əməkdaş isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
“Tacikistan təhlükəsizlik qüvvələri üsyanı yatırmaq üçün sərt əməliyyat keçirib. Zona hücumu nəticəsində ən azı 10-15 məhbus öldürülüb – bütün İŞİD tərəfdarları”, – mənbə qeyd edir.
Hazırda bütün təhlükəsizlik və hüquq-mühafizə orqanlarının kazarma statusuna keçdiyi vurğulanır.
Vəhdət şəhərindən paytaxt Düşənbəyə qədər nəzarət-buraxılış məntəqələri qurulub, Tacikistanın Daxili İşlər Nazirliyinin və digər təhlükəsizlik orqanlarının silahlı zabitləri bütün ərazini patrul edir.
Xuraman Etibarlı
İnterpress.az