Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici media jurnalistlərinə verdiyi müsahibələr artıq bir ənənəyə çevrilib. Ölkə başçısının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi bir sıra vacib geosiyasi məsələlərin müzakirəsi və ölkənin regional siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqətəlayiq hadisə oldu.
Müsahibə zamanı prezident Əliyev regional sabitlik, enerji təhlükəsizliyi, Ermənistanla münasibətlər, Zəngəzur dəhlizinin açılması və Azərbaycanın beynəlxalq platformalardakı mövqeləri ilə bağlı əhəmiyyətli mesajlar verdi.
Qarabağ müharibəsinin tarixi, Ermənistanın 30 ildən artıq davam edən təcavüzkar siyasəti haqda geniş danışan prezident Vaşinqton görüşü, imzalanan sənədlərə də toxunaraq yekun sülh sazişinin hələ imzalanmamasının əsas səbəbinin Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar olduğunu bildirdi. Ermənistan bununla bağlı öhdəlik götürüb.
Vaşinqtondakı sənədi iki dövlət başçısı arasındakı fərdi sənəd deyil, “iki dövlət arasında razılaşma” kimi qiymətləndirən Azərbaycan lideri güclü xarici müdaxilə nəticəsində İrəvanın bu razılaşmanı pozacağı halda qarşı tərəf üçün ciddi nəticələrə səbəb olacağını bəyan etdi.
Azərbaycan Prezidentinin müsahibəsində yer alan “Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik” fikri dövlətimizin gücünün ifasəsidir. Prezident həm də bu gücün digər ədalətsizliklərə, işğal faktlarına da öz mövqeyini açıq bildirdiyini vurğuladı.
Hələ Şuşa Forumunda ukraynalı jurnalistə “işğalla barışmamaq” tövsiyəsi verən dövlət başçımız tək Ukraynada deyil, Suriyada və dünyanın hər yerində Azərbaycanın ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini bildirdi.
Bu mənada Azərbaycanın Rusiya ərazisində vurulan təyyarəsinə görə irəli sürdüyü tələbləri, gözləntilərini ifadə edən Azərbaycan Prezidenti hər kəsin dövlət və milli maraqlarımıza hörmətlə yanaşmasının başlıca prinsip olduğunu bildirib.
Suriya-İsrail, Türkiyə-İsrail gərginliklərinin azaldılması, tərəflərin yaxınlaşması üçün Azərbaycanının vasitəçilk addımlarından danışan prezident dövlətimizin sülh missiyasını təqdim etdi:
“Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq, biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük”.
Çağdaş dünya siyasi düzənində xalqla birgəlik və mükəmməl siyasi gedişlərlə liderlik örnəyi göstərən Azərbaycan rəhbəri müsahibəsində regional deyil, qlobal proseslərin fəal aktorlarından biri olduğunu da açıq ifadə etdi.
Türk Dövlətləri Təşkilatının gücü və imkanlarından danışan prezident İlham Əliyev “Bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir” deməklə, dünyaya həm də Türk lideri kimi mesaj vermiş oldu.
Ümumilikdə, müsahibə Azərbaycanın sülhə, sabitliyə, inkişaf və regional əməkdaşlığa verdiyi önəmi, diplomatik manevr imkanlarını və geosiyasi strategiyasını aydın və inandırıcı şəkildə əks etdirir.
Prezident İlham Əliyevin açıqlamaları Azərbaycanı yalnız güclü dövlət deyil, həm də qarşılıqlı anlaşma və dialoqa açıq region lideri kimi təqdim edir.
İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə ciddi mesajlar verərək Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoydu. Bu bir daha göstərdi ki, Azərbaycan təkcə regional deyil, həm də qlobal proseslərdə fəal və prinsipial mövqe tutur.