Qırğızıstanda “Hizb-ut-Təhrir” üzvləri saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi (GKNB) “Hizb ut-Təhrir” təşkilatının fəaliyyətində iştirak etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Onların radikal ideologiyanın təbliği və yeni tərəfdarların cəlb edilməsi ilə məşğul olduqları müəyyən edilib.
Məlumata görə, saxlanılanlardan biri əvvəllər də ekstremist fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb olunub.
Axtarışlar zamanı onların evlərindən dini-ekstremist məzmunlu ədəbiyyat aşkarlanaraq ekspertizaya göndərilib.
Qeyd edək ki, sünni yönümlü “Hizb ut-Təhrir” dini-siyasi təşkilatı 1953-cü ildə Qüdsdə yaradılıb. Təşkilatın məqsədi İslam xilafətini bərpa etməkdir.
Hazırda “Hizb ut-Təhrir” dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir və onun təxminən bir milyon üzvü olduğu bildirilir. 1990–2000-ci illərdə təşkilat Mərkəzi Asiya ölkələrində, Rusiyada və Ukraynada xüsusilə fəal olub.
Xuraman Etibarlı
İnterpress.az