İnsanların 95%-i C vitamini çatışmazlığından əziyyət çəkir.
İnterpress.az xəbər verir ki, rusiyalı mütəxəssislər “plastik” tərəvəzlərin təhlükəsi barədə xəbərdarlıq ediblər.
Rusiyada insanların əksəriyyəti — 95%-i xroniki C vitamini çatışmazlığı ilə üz-üzədir. Bu, insanların daim xəstələnməsinə və daimi yorğunluqdan şikayətlənməsinə səbəb olur.
Mütəxəssislər bildirirlər ki, qışdan sonrakı bu kütləvi halsızlığın əsas səbəblərindən biri kimyəvi əlavələrlə yetişdirilən və tərkibində demək olar ki, faydalı elementlər qalmayan “rezin” tərəvəz və meyvələrdir.
Ekspertlərin fikrincə, kənd təsərrüfatı sahələrinin intensiv istismarı və torpağa həddindən artıq kimyəvi maddələrin vurulması tərəvəzlərin xarici görünüşcə cəlbedici, lakin daxilən “boş” olmasına gətirib çıxarıb.
Nəticədə, son 50 ildə tərəvəzlərdə mis, maqnezium və C vitamininin miqdarı 2 dəfə azalıb. Bu da öz növbəsində insanların immunitetinin düşməsinə və tez-tez soyuqdəyməyə yoluxmasına səbəb olur.
Yeganə müsbət xəbər isə çuğundurun tərkibində dəmir və kaliumun artmasıdır.
Həkimlər qeyd edirlər ki, daimi yorğunluq çox vaxt stress və gündəlik rutinlə bağlı olsa da, müasir qida məhsullarının keyfiyyəti səbəbindən orqanizmin vitaminlərə olan ehtiyacını yalnız qida ilə ödəmək çətinləşib.
Dietoloqlar analiz verməklə yanaşı, əlavə vitamin qəbuluna ehtiyac ola biləcəyini vurğulayırlar.
C vitamini orqanizmdə toplanmadığı üçün onun mütəmadi olaraq bərpa edilməsi vacibdir. Bunun üçün mövsümi meyvə-tərəvəz, itburnu, eləcə də tərkibində gündəlik normanın 27%-ə qədərini ehtiva edən qaraciyər tövsiyə olunur.
Xuraman Etibarlı
İnterpress.az






