Rostovda 12 yaşlı uşaq diri-diri yanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Rostov şəhərində nənəsinin yanında tətildə olan 12 yaşlı Arseni faciəvi şəkildə diri-diri yanaraq dünyasını dəyişib.
Məlumata görə, yeniyetmə tanışının evində gecələmək adı ilə ailəsindən icazə alsa da, bütün gecəni dostları ilə birlikdə küçədə keçirib.
Şahidlərin sözlərinə görə, yeniyetmələr arasında mübahisə və dava düşüb, qəfildən baş verən alov partlayışından sonra Arseni yanmağa başlayıb.
Yaxınlıqda spirtli içki qəbul edən şəxslər alovu əllərinə keçən ilk şeylə – pivə və araqla söndürməyə çalışsalar da, bu, vəziyyəti daha da pisləşdirib.
Yanğını yalnız bina sakinlərinin eyvanlardan atdıqları yaş mələfələr vasitəsilə söndürmək mümkün olub.
Bədəninin 95 faizindən çoxu yanan uşaq xəstəxanaya yerləşdirilsə də, bir sutka sonra orada dünyasını dəyişib.
Mərhumun yoldaşları hadisənin təsadüf olduğunu, benzinlə oynayarkən alovun qəfildən Arseniyə keçdiyini iddia edirlər.
Lakin yaxınları buna inanmır, çünki hadisə yerindəki skamyanın demək olar ki, yanmadığını, yalnız alt hissəsinin qaraldığını aşkar ediblər.
Həmçinin şahidlər uşağın can verərkən onu yandıran şəxsin adını sayıqladığını və ondan kəskin benzin qoxusu gəldiyini bildiriblər.
Hazırda adı çəkilən uşaq polis tərəfindən axtarılır, digər yeniyetmələrdən isə 5 litr benzin və telefonlar müsadirə edilib.
Xuraman Etibarlı
İnterpress.az






