Böyük Britaniyada 13 yaşlı yeniyetmə batutda yıxıldıqdan sonra insult və 19 mikroinsult keçirib.
İnterpress.аz xəbər verir ki, bu barədə Böyük Britaniya mediası məlumat yayıb.
Böyük Britaniyada batutda tullanarkən yıxılan 13 yaşlı Ruben Şirs adlı yeniyetmə fəsadlar nəticəsində ağır insult və 19 fərqli mikroinsult keçirib.
Hadisədən bir həftə sonra qaçış zamanı huşunu itirən yeniyetmənin ilk tibbi müayinələrində mikroinsult əlamətləri aşkarlanıb.
Evdə müalicə alan zaman isə vanna otağında bədəni əsən, üzünün sol nahiyəsi əyilən və danışığı tamamilə korlanan yeniyetmənin kəskin insult keçirdiyi müəyyən edilib.
Xəstəxanada aparılan dərindən müayinələr nəticəsində məlum olub ki, batuta çırpılma zərbəsi gəncin şah damarının (karotid arteriya) divarını zədələyib və orada böyük qan laxtası (tromb) yaradıb.
Zaman keçdikcə həmin trombun kiçik hissələri qoparaq beynə daxil olub və ardıcıl olaraq 19 mikroinsultun baş verməsinə səbəb olub.
Keçirdiyi insultdan və ağır cərrahiyyə əməliyyatından sonra gənc yenidən hərəkət etməyi sıfırdan öyrənməli olub. 5 həftəlik gərgin reabilitasiya kursu keçən Ruben hazırda tədricən bərpa olunur.
Atasının sözlərinə görə, ailə demək olar ki, oğlunu itirirdi, həkimlər isə onun sağ qalmasını əsl möcüzə adlandırıblar.
Xuraman Etibarlı
İnterpress.аz






