Kazan terrorçusu İlnaz Qalyaviyevin 18 yaşlı həyat yoldaşı hamilədir.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Kazan şəhərində məktəbdə kütləvi qətl törədən terrorçu İlnaz Qalyaviyevin 18 yaşlı həyat yoldaşı Diananın hamilə qaldığı məlum olub.
Gənc qız nikahdan dərhal sonra “Çornıy Delfin” ciddi rejimli cəzaçəkmə müəssisəsində ömürlük məhkum olan əri ilə 3 gecə keçirib və qısa müddət sonra hamilə olduğunu öyrənib.
Bu xəbər gənc qızın öz doğma ailəsində növbəti böyük gərginliyə və qalmaqala səbəb olub.
Diananın atası bu cür nəvələrin ona qətiyyən lazım olmadığını sərt şəkildə bəyan edərək, hamilə qızını evdən qovub və kütləvi qatil olan Qalyaviyevin valideynlərinin yanına göndərib.
Xatırladaq ki, bir müddət əvvəl terrorçu ilə evlənən 18 yaşlı qızın yaxınları ondan tamamilə imtina etmiş, onun şizofreniya xəstəliyindən əziyyət çəkdiyini və cəmiyyətə acıq vermək, hamının qınağını qazanmaq üçün bu addımı qəsdən atdığını bildirmişdilər.
Xuraman Etibarlı
İnterpress.аz






