Pikasso və Monenin əsərlərini oğurlayan şəxslər “Peppa Pig” serialının yaradıcısının evinə giriblər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Radu Dogaru və Adrian Alempi fevralın 14-də Surrey qraflığında “Peppa Pig” cizgi serialının yaradıcısı Mark Beykerin evinə pəncərədən daxil olaraq 65 min funt sterlinq (təxminən 149 min manat) dəyərində əşya oğurlayıblar.
Onların apardıqları əşyalar arasında brend çantalar, çamadanlar, zinət əşyaları və “Rolex” saatı olub.
Hər iki şəxs daha sonra saxlanılıb. Onlar 2012-ci ildə Niderlanddakı Kunsthal muzeyinin qarətinə görə də həbs cəzası çəkiblər.
Həmin vaxt üç dəqiqədən az müddətdə Pablo Pikasso, Klod Mone, Anri Matiss və Pol Qogenin əsərlərini oğurlayıblar.
Xuraman Etibarlı
İnterpress.az






