Rusiyada məmur şəhərin yaşıllaşdırılması barədə süni intellektlə hazırlanmış fotolarla hesabat verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Anapa şəhərinin birinci vitse-meri Sergey Donets şəhərdə yaşıllaşdırma işlərinin aparılması ilə bağlı sosial şəbəkədə foto hesabat yayımlayıb. Lakin yerli sakinlər fotolardan birinin süni intellekt vasitəsilə hazırlandığını aşkarlayıblar.
Görüntüdəki insanların və əkildiyi göstərilən tuya ağacının da süni şəkildə əlavə olunduğu üzə çıxıb.
Tənqidlərdən sonra Donets şəkli silib və məsuliyyəti idarəedici şirkətin üzərinə qoyub.
O, şirkətin ona həqiqətə uyğun olmayan foto göndərdiyini bildirərək tədbir görüləcəyini açıqlayıb.
Şirkət nümayəndələri isə fotonun daha gözəl görünməsi üçün süni intellektlə redaktə edildiyini etiraf ediblər.
Onların sözlərinə görə, görüntü təhrif olunsa da, ərazidə yaşıllıqların əkilməsi işi həqiqətən həyata keçirilib və yaranmış anlaşılmazlığa görə üzr istəyiblər.
Xuraman Etibarlı
İnterpress.az






