“Balları 200-ə salmaqla keyfiyyətli təhsildən danışmaq olmaz”backend

“Balları 200-ə salmaqla keyfiyyətli təhsildən danışmaq olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumilikdə 2016-cı ildə ali məktəblərə qəbul planı üçün nəzərdə tutulan yerlərin cəmi 29%-i (1221 yer) ödənişsizdir. Əgər qəbul planı tam icra edilsə, 2016-cı ildə ali məktəblərə qəbul olunanların 71%-i, yaxud 29744 nəfəri öz vəsaiti hesabına oxuyacaq.

Bu haqda şərh verən iqtisadçı Rövşən Ağayev deyib ki, hazırda Azərbaycanda ali təhsillə əhatə səviyyəsi 16-17%-dən çox deyil, inkişaf etmiş ölkələrdə bu göstərici 35-60% intervalında dəyişir:

“O halda ali məktəbdə oxumaq üçün yerlərin sayının artmasını müsbət qarşılamaq olardı ki, bu, keyfiyyətin qorunması hesabına baş versin. Qruplar üzrə keçid ballarının 150-200-ə endirilməsi hesabına yox. Əksinə, heç bir qrup üzrə keçid ballarının 250-dən aşağı salınması yolverilməzdir. Aydın məsələdir ki, qəbul planının artan yerləri 250-dən aşağı bal toplayan abituryentlər hesabına təmin ediləcək”.

Ekspert deyib ki, ölkədəki hazırkı yoxsulluq şəraitində insanların keyfiyyətli təhsil verə bilməyən universitetlərə pul ödəmək hesabına övladlarına təhsil verməsini izləmək ürək ağrıdır:

“Ölkədəki böhran şəraitində hökumət aşağı ballı tələbələr hesabına universitetlərin imkanlarını artırmağa dəstək verir…
Əgər hökumət ali təhsillə əhatə səviyyəsini yüksəltməyi əsas hədəf seçibsə, onda bunu pulsuz təhsil hesabına etmək lazımdı.
Ən azından universitet təhsilinin keyfiyyətini elə səviyyəyə yüksəltmək lazımdır ki, insanlar övladlarına yatırdığı sərmayənin faydasını görə bilsinlər. Əksəriyyət halda ali məktəb məzunlarının aldığı diplomlar ailələrə texniki-peşə məktəblərinin diplomundan daha az fayda gətirir”.

İnterpress.az