İlkin mərhələdə yolun Quba şəhərinin mərkəzindən Amsar, I və II Nügədi kəndlərindən keçən 11,5 km-lik hissəsində təmir-tikinti işləri həyata keçirilir.
Təmir-bərpa işləri zamanı yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış hissəyə karbonat materialı tökülərək kipləşdirilib. 13-14 metr enində yeni yol yatağı salınıb. Yol kənarlarında 3-3,5 metr enində yeni çiyinlər tikilib. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Yol boyu zəruri olan yerlərdə kommunikasiya xətləri yenilənib, bəzi yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb.
Bundan başqa, mövcud su boruları və su keçidləri bərpa olunub, giriş-çıxış hissələri təmizlənib, 7 yerdə isə əlavə olaraq yeni su boruları tikilib. Hazırda torpaq işləri yekunlaşdırılaraq yol boyu asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə 2 qat olmaqla yolun 82 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub. Bu işlərə paralel olaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün 1 500 paqon-metr uzunluğunda 2-3 metr enində yeni piyada səkiləri də tikilir, kənarlarına isə səki daşları düzülür.
Əsaslı təmir işləri çərçivəsində yolun 4-cü km-də uzunluğu 57 metr və 7-ci km-də uzunluğu 101 metr olan iki avtomobil körpüsünün təmiri də aparılıb. Hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri olmaqla körpülərin ümumi eni 8 metr təşkil edir. Körpülərdə piyada səkiləri və mühəccərlər də bərpa olunub.
Qeyd edək ki, hazırda təmir-bərpa işlərinin aparıldığı ərazi boyu təqribən 26 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsi mövcuddur. Nəticədə həm bu əhalinin gediş-gəlişi rahatlaşır, həm onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan yaranır, həm də sözügedən ərazidə turizm potensialı daha da artır.
İnterpress.az