İnterpress.az xəbər verir ki, “Səbail” təkcə futbol klubu deyil, həm də ictimai birlik kimi fəaliyyət göstərəcək. Bu münasibətlə paytaxt təmsilçisinin idarə heyəti media nümayəndələri ilə görüşdə məqsədlərindən danışdı.
Komandaya seçim mərhələsi və məşqlər “Bayıl Arena” stadionunda aparılır.
Klubun loqosunda “qala və onun qoruyucusu olan 3 şir” konsepsiyasından istifadə olunub. Rəhbərlik bu loqonu vaxtilə Səbail ərazisində yerləşən Bayıl qalası ilə bağlayır.
Paytaxt təmsilçisinin Idarə Heyətinə 18 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov, “Mançester Yunayted” Yay Futbol Məktəbinin koordinatoru Ramin Həsənov, “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov, “Neftçi”nin veteran futbolçusu Əbdülqəni Nurməmmədov və teleaparıcı Tural Əsədov daxildir. İdarə Heyətinin sədri Yusif Həsənov seçilib.
İnterpress.az