Bundan əlavə kalsium əzələlər (o cümlədən, ürək əzələsi), gözlər, sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir.
Uşaqların, hamilə və uşaq əmizdirən qadınların və yaşlı insanların bu elementə olduqca çox ehtiyacı var.
Bu qrup insanlara adətən həkimlər tərəfindən müəyyən kurslarla kalsium preparatları təyin olunur.
Kalsiumun çatışmazlığı uşaqlarda ağır pozulma olan raxitə, yaşlı insanlarda isə osteoporoza (sümüklərdə kalsiumun azalması nəticəsində sümüklərin kövrək olması) səbəb olur.
Hamilə və uşaq əmizdirən qadınlarda isə kalsiumun çatışmazlığı həm onların özlərinin, həm də uşaqların orqanizmi üçün ziyanlıdır.
Keçmişdə nənələrimiz uşaqlarına yumurta qabıqlarını verməklə onları raxitdən qoruyurdular.
Adi toyuq yumurtası qabığında olan kalsium ən müasir kalsium preparatlarında olan kalsiumdan orqanizm tərəfindən daha asan mənimsənilir. Kalsiumdan əlavə yumurta qabığının tərkibinə dəmir, sink, ftor, fosfor, mis və s. çox vacib elementlər daxildir. Ümumillikdə yumurta qabığının kimyəvi tərkibi insanın dişlərin, sümüklərin və dırnaqların kimyəvi tərkibinə bənzəyir.
Uşaqlarda raxit və anemiya zamanı əsas müalicə ilə paralel olaraq verilən yumurta qabığı çox yaxşı kömək edir.
Böyüklərdə qəbizlik, damaqların qanaması, əsəbilik, dırnaqların kövrək olması və tez qırılması, karies, osteoporoz zamanı və bu xəstəliklərin və pozulmaların profilaktikası üçün yumurta qabığı uğurla istifadə oluna bilər.
Lakin yumurta qabığını düzgün istifadə etmək lazımdır. İlk növbədə yumurta təzə olmalıdır, kənd yumurtası (dükanlarda satılan yox!) istifadə olunmalıdır.
Yumurta axar suyun altında yaxşı yuyulmalı və 5 dəqiqə ərzində qaynadılmalıdır.
Daha sonra yumurta soyulur, qabığın içərisində olan nazik pərdə xaric olunur və yumurta qabığı həvəngdəstədə toz halına çatdırılır. Qəhvə üyüdən maşından istifadə etmək tövsiyə edilmir ki, bu halda yumurta qabığında olan faydalı maddələr qismən itir.
Bu qayda ilə hazırlanmış toz quru sərin yerdə şüşə bankada saxlanılmalıdır. İldə 2-3 dəfə olmaqla tozu uşağa (və ya böyüyə) müəyyən kurslarla (2-3 həftə ərzində) vermək tövsiyə olunur. Toz bıçağın ucunda götürülür, üzərinə 1-2 damcı limon şirəsi əlavə olunur (üzərinə limon sıxılır) və uşağa verilir. Təbii ki, bütün digər xalq təbabəti vasitələri kimi, yumurta qabığı da yalnız əsas müalicəyə əlavə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər. (saglamolun.az)
İnterpress.az