“Sarı gəlin” mahnısı Tayvanda səsləndirilib (VİDEO)backend

“Sarı gəlin” mahnısı Tayvanda səsləndirilib (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ənənəvi olaraq hər il yay aylarında Tayvanda Yi-lan beynəlxalq uşaq folkloru və folklor oyunu üzrə festival keçirilir. Sinshuy çayının sahilində təşkil olunan bu festival müxtəlif dünya ölkələrinin təhsil ocaqlarının folklor musiqisini ifa edən qrup və ansambllarını bir araya gətirir. Festival ictimaiyyətin, xüsusilə də uşaqların, gənclərin milli mədəniyyət barədə anlayışını inkişaf etdirmək məqsədi daşıyır.

İyulun 15-də başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” folklor qrupunun üzvləri təmsil edir.

İdarədən bildirilib ki, ABŞ, Kanada, Rusiya, Yaponiya, Meksika, Filippin, İndoneziya, Koreya Respublikası, İran, Hindistan, Slovakiya, Argentina, Braziliya, Venesuela, Kolumbiya, Gürcüstan və s. ölkələrdən gələn müxtəlif kollektivlərlə yanaşı, Azərbaycanın “Aysel-Buta” folklor qrupunun çıxışları, milli rəqslərimizin və xüsusilə də “Sarı gəlin” mahnısının ifası xarici tamaşaçıların böyük marağına səbəb olub və onlarda yaddaqalan xoş təəssürat yaradıb.

Festival, həmçinin ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə milli musiqi alətlərinin, rəqslərinin və milli geyimlərinin nümayişi üçün əlverişli fürsət yaradıb.

Qeyd edək ki, avqustun 15-dək davam edəcək festivalda çıxışlarla yanaşı, iştirakçı ölkələrin Tayvanın mədəni həyatı ilə tanış olması üçün yerli ekskursiya və qrup gəzintiləri kimi bir sıra mədəni tədbirlərin təşkili də nəzərdə tutub. (azertag)

İnterpress.azhttps://youtube.com/watch?v=H_5K9ER1w_s