Bir gündə 7 adam batdı: Səbəb -KASIBLIQbackend

Bir gündə 7 adam batdı: Səbəb -KASIBLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bir gündə 7 nəfər dənizdə batıb. Çimərlik mövsümü başlayandan bu günə qədər isə suda boğulanların sayı 20-ni ötüb.

Azərbaycanlılar suda niyə boğulur?

Niyə Xəzər dənizi sahilində yaşayan xalqın nümayəndələri suda batırlar? Müxtəlif ekspertlərin rəylərinə görə, suda boğulma hallarının çox hissəsi spirtli içkinin təsiri altında suya girməyə görə baş verir. Çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə boğulma halları da çoxluq təşkil edir.

Bəs əhalimiz üzgüçülük vərdişlərinə yiyələnə bilirmi?

Bu sualın cavabı dənizdə batanların sayında özünü göstərir. Azərbaycan əhalisinin böyük əksəriyyəti üzgüçülük vərdişlərinə sahib deyil! Əhalinin maddi durumu ilboyu fəaliyyətdə olan üzgüçülük hovuzlarına gedib üzgüçülük dərsləri almağa imkan vermir.

Boğulmaların bir səbəbi də Xəzərin hasarlanmasıdır

Azərbaycanda Xəzər sahili boyu daha təmiz, təhlükəsiz ərazilərin məmurlar tərəfindən hasara alınması da sıravi vətəndaşları daha təhlükəli ərazilərdə istirahət etmək, üzmək məcburiyyətində qoyur. Dənizi hasarlayan məmur dəbdəbəli imarətində hovuzda təhlükəsiz şəraitdə üzdüyü bir vaxtda sərinləməyə can atan vətəndaş daha təhlükəli ərazilərdə suya baş vurmalı olur. Nəticədə də acınacaqlı statistik rəqəmlər alınır.

Bəs suda boğulma zamanı nə etmək lazımdır?

Üzgüçülük instruktoru Azər Əhmədov deyir ki, çimərliklərdə, su hövzələrində boğulma halları zamanı ilk dəqiqələrdə zərərçəkmişlərin 90 faizini, 6-7 dəqiqə sonra isə təxminən 3 faizini xilas etmək mümkün olur. Suda boğulma zamanı ölüm tənəffüs yollarının su ilə tutulması, havanın ağciyərlərə daxil ola bilməməsi və nəticədə orqanizmdə oksigen çatışmazlığı nəticəsində yaranır. Boğulmuş şəxsin dərisi göyərmiş olur, ağzından və burnundan köpüklü maye gəlir.

Onun sözlərinə görə, suda boğulanın qeyri-iradi, təlaşlı hərəkətlərindən xilas olmaq üçün aktiv üsullardan biri də onu suya batırmaqdır. Belə bir şəraitdə o, suyun üzərinə qalxmaq üçün yardım göstərən şəxsi buraxmağa məcbur olur. Bundan sonra yardım göstərən şəxs suya baş vurmalı, boğulan şəxsi tapıb onun əlindən, saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzərinə qalxmalıdır. Bu zaman yardım göstərən şəxs sərbəst qalan əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir.

Boğulan şəxsə sahilə çıxarıldıqdan sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərilir. Zərərçəkmiş özünə gəlibsə, onu sərt yerdə uzatmaq və isti içkilər vermək lazımdır. Zərərçəkmişin huşu özündə deyilsə, ona süni nəfəs verilməlidir. Daha sonra onu üzü üstə tutmaq lazımdır ki, ciyərlərinə dolmuş su çıxsın. Yardım göstərən ayağını dizdən bükərək zərərçəkmişin qarnı üstə budunun üzərinə qoyub əli ilə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric etməlidir. Bu əməliyyat süni tənəffüsün verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Əgər ilk yardım gecikdirilməyibsə, suda boğulma zamanı ağciyərlərdə ödəm yarandığına görə ağır boğulma halları 1 həftəyə sağalır. Boğulmuş şəxs xəstəxanaya xərəkdə üzü üstə aparılmalı və nəzarətdə olmalıdır.

Batanların 90 faizi kasıblardır!

Ötən il Ümumdünya Səhiyyə Təşkilatı suda boğulma halları ilə bağlı çox maraqlı bir hesabat yaymışdı. Həmin hesabatın müəllifi Devid Meddinq apardığı araşdırmaların sonucu olaraq çox maraqlı bir nəticəyə gəlmişdi. Məlum olmuşdu ki, hər il dünya üzrə suda boğulan 372 min nəfərin 90 faizi aşağı və orta gəlirli ölkələrin vətəndaşlarıdır. Hesabatdan belə aydın olur ki, varlıların su hovuzlarına çatımlılığı, oralarda isə xilasedicilərin olması suda boğulma riskini son dərəcə azaldır.

“İnkişaf etmiş ölkələrdə su ilə əlaqə üzmək, istirahət, sərinləmək üçündür. Lakin aşağı gəlirli ölkələrdə insanlar üçün su ailələrini dolandırmaları üçündür” deyə, hesabatın müəllifi Devid Meddinqin qeyd edir.

Dövlət Sularda Xilasetmə Xidməti nə deyir?

Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov “Yeni Müsavat”a deyib ki, hər il çimərlik mövsümünün əvvəlindən sonuna qədər əhalini qeyri-çimərliklərdə üzməmək, qadağanedici şarlardan uzaq getməmək barədə xəbərdar edirlər. Suda boğulmalara əsas səbəb üzə bilməmək, küləkli hava şəraitində üzməyə cəhd etmə, qeyri-çimərlik ərazilərdə, qayalıq, müxtəlif dəmir-beton, konstruksiya olan ərazilərdə çimməkdir: “Qeyri-çimərlik ərazilər, yəni çimmək qadağan olunan ərazilərdə Dövlət Sularda Xilasetmə Xidmətinin məntəqələri fəaliyyət göstərmir. Bakı-Abşeron yarımadasında, Sumqayıt şəhərində Dövlət Sularda Xilasetmə Xidmətinin 25 struktur bölməsi fəaliyyət göstərir. Respublika üzrə ümumilikdə 45 xilasetmə məntəqəsi var”.

E.Həsənov vətəndaşlara məsləhət görür ki, üzmək üçün qoyulmuş xəbərdarlıq şarlarını keçməsinlər, məlumatlandırıcı, xəbərdaredici nişanların tələblərinə əməl etsinlər, sərxoş vəziyyətdə suya girməsinlər. Xüsusilə küləkli havada suya girməsinlər. Ümumiyyətlə, Dövlət Sularda Xilasetmə Xidmətinin müəyyən qaydaları var ki, o qaydalara riayət edildiyi halda təhlükəsiz şəkildə istirahət etmək mümkündür: «Biz əhalini xilasetmə məntəqələri olan ərazidə istirahət etməyə, çimməyə dəvət edirik.

Bu ərazilərdə vətəndaşların həyatı üçün təhlükə yoxdur. Qeyri-çimərlik ərazilərinə, silsilə qayalıq olan yerlərə üz tutmasınlar. Həmin ərazilərdə suda boğulmaq riski böyükdür. Çünki sualtı axınlar güclüdür, tez-tez burulğanlar əmələ gəlir. O, ərazilərdə xilasedicilər də yoxdur. Hadisə olanda da hadisə yeri, hadisə zamanı boğulanların sayı haqda məlumatlar da xilasedicilərə gec çatır və suda boğulanları xilas etmək çox vaxt mümkün olmur. Xilasetmə məntəqələrində 24 saat növbətçilik aparılır. Ancaq səhər 9-dan axşam 8-ə qədər vətəndaşlar daha təhlükəsizlik şəkildə istirahət edə bilərlər. 8-də xilasetmə texnika və vasitələri sudan çıxarılır və vətəndaşlara səsgücləndiricilər vasitəsilə xəbərdarlıq edilir ki, artıq qaranlıq düşdüyünə görə sudan çıxsınlar.

Günün qaranlıq saatlarında suda boğulmalar baş verir, bəzən çimərliyə gələn şəxslər yanlarında gətirdikləri azyaşlı uşaqları unudurlar. İfrat dərəcədə istirahətə kökləndikləri üçün uşaqlar yaddan çıxır. Sonra xilasedici bilmir uşağı suda axtarsın, yoxsa sahildə. Valideyn özü də bilmir ki, uşağı dənizdə nəzarətsiz qoyub, yoxsa sahildə. Əsas problemlərdən biri də azyaşlı uşaqların nəzarətsiz buraxılmasıdır. Suda batmaq təhlükəsi ilə üz-üzə qalanlar əsasən gənclər və yeniyetmələrdir. Əsasən yeniyetmə və gənclər xilasedicilərin haqlı tələblərinə əhəmiyyət vermirlər.

Bu da əksər vaxt onların həyatlarını itirməsi ilə nəticələnir\”. Dövlət Sularda Xilasetmə Xidmətinin üzərinə düşən vəzifələrdən biri də çimərliklərdə təhlükəsizlik tədbirlərini həyata keçirməkdən ibarətdir. Belə ki, çimərlik mövsümü başlamazdan əvvəl çimmək üçün ayrılmış sahələrdə sualtı təmizləmə işləri aparılır. Təhlükəsiz ərazi məhdudlaşdırıcı şarlar vasitəsi ilə çəpərə alınır. İşarələnmiş təhlükəsiz ərazidə suyun sahildən uzaqlaşma dərinliyi böyüklər üçün 1,75 metr, uşaqlar üçün isə 0,70 metrdir.

E.Həsənov onu da bildirib ki, könüllü şəkildə xilasetmə işlərində iştirak etmək istəyən şəxsləri xilasetmə işlərinə cəlb edirlər: “Belə istəyi olan şəxslər, Xəzər sahilində yaşayan, dənizə bağlı şəxslər müraciət edəndə müəyyən yoxlamalardan keçirib, təmənnasız olaraq üzgüçülüyün sirlərini öyrədib xilasetmə işlərinin incəliklərini izah edib işə cəlb edirik”.

E.Həsənov deyib ki, mövsüm başlayandan bu günə qədər 74 nəfər suda boğulan şəxsi xilas ediblər. (musavat)

İnterpress.az