Azərbaycan ordusunun aprel ayındakı blits-zəfərindən sonra düşmən tərəf hələ də özünə gələ bilmir. Bunu həmin döyüşlərdən az sonra Ermənistanda daxili ictimai-siyasi sabitliyin kritik həddə çatması, ordu sistemində aparılan total kadr dəyişiklikləri və həbslər, nəhayət, İrəvanda radikal müxalif qruplar tərəfindən girov götürmə olayı bir daha sübut edir.
Ermənistan prezidenti Serj Sərkisyanın apreldən sonra ilk dəfə olaraq qatı siyasi rəqibi, sabiq prezident Levon Ter-Petrosyanın ayağına getməsi və işğal altındakı Qarabağa 3 dəfə qanunsuz səfər etməsi də təsadüfi sayıla bilməz.
Ermənistanda nəşr olunan “Qraparak” qəzeti bu xüsusda yazır: “Qarabağdakı mənbələrin məlumatına görə, Serj Sərkisyan Dağlıq Qarabağda təkcə hərbi-siyasi rəhbərliklə görüşməyib, veteranlarla da bir araya gələrək, onların Qarabağla bağlı gözləntilər kontekstində fikirlərini öyrənib”.
Qəzetin bildirdiyinə görə, bunun ardınca Sərkisyan deyib: “Blindajlar qazın, onları möhkəmlədin, müharibə gözləyin. Əgər Azərbaycan Qarabağın öz müqəddəratını təyinetmə statusu ilə razı deyilsə, o zaman bizim başqa yolumuz qalmır, müharibə eləmək zorundayıq. Qarabağdakı hərbi təlimlər məhz buna işarə idi: prezidentlərin avqust görüşünədək göstərmək ki, biz torpaqları qaytarmayacağıq. Lakin İrəvanda son hadisələrlə bağlı hər şey başqa cür olub” – Sərkisyan bildirib\”.
“Biz maraqlandıq görək, ”DQR\” konstitusiyası ilə bağlı qərar qəbul edilibmi (söhbət separatçı rejimin indiki başçısı Bako Saakyanın “prezidentlik” müddətini uzatmağa yönəlik dəyişiklikdən gedir-red.)? Cavab belə oldu ki, İrəvandakı hadisələrlə bağlı gözləmək lazımdır\” – nəşr daha sonra qeyd edib .
***
Sərkisyanın son açıqlaması təsadüfi deyil. Bu, onun Azərbaycan sarıdan, onun Silahlı Qüvvələri sarıdan nə dərəcədə təlaş keçirdiyini bir daha ortaya qoyur. Qənaət hasil olur ki, işğalçı ölkənin başçısı artıq Azərbaycanın öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyinin çox yaxşı fərqindədir. Buna onun Livan televiziyasına müsahibəsi də dəlalət edir.
Sərkisyan onun da yaxşı fərqindədir ki, əgər ərazilərin qaytarılmasına tezliklə başlanmasa, Azərbaycanın böyük qisası qaçılmaz olacaq. Xocalı hərbi canisi Serj bunu bildiyi üçün də veteranlara, erməni xalqına “Blindajlar qazın, onları möhkəmlədin, Azərbaycan ordusu gəlir” mesajını verir.
Bu, elə veteranlar da daxil, hakimiyyət naminə öz xalqını yeni və daha böyük qırğına vermək, hərbi avantüraya çəkmək cəhdidir. Ona görə ki, artıq Sərkisyanın da etiraf elədiyi kimi, Azərbaycan özünün beynəlxalq hüquqa, BMT Nizamnaməsi və qətnamələrinə əsaslanan haqlı və qanuni mövqeyindən zərrəcə geri çəkilməyəcək, bundan ötrü ən radikal varianta belə əl atmaqdan çəkinməyəcək – hansı iradəni ki, aprel ayında hamıya göstərdi, 22 ildə ilk dəfə olaraq təcavüzkara ağrılı bir qulaqburma, dərs verdi.
Əfsus ki, Ermənistan rəhbərliyi bu dərsdən düzgün nəticə çıxarmağa tələsmir. Düşmən siyasiləri indi özlərini elə aparırlar ki, sanki “məğlubedilməz erməni ordusu” mifini darmadağın eləmiş aprel rüsvayçılığı, aprel insidenti yerli-dibli olmayıb. Demək, tarix ermənilər üçün yenindən təkrarlanacaq – bu dəfə daha böyük faciə şəklində.
Azərbaycan əsgərinin yaratdığı yeni situasiyanın Ermənistanla bağlı daha bir maraqlı özəlliyi var. Bu da ondan ibarətdir ki, ermənilər əslində Serj Sərkisyanın başçılığı ilə növbəti savaşa, daha doğrusu, qırğına getmək istəmirlər. Çünki ona inam hissini bütünlüklə itiriblər. Sərkisyanın, “Qarabağ klanı”nın hakimiyyət limiti də artıq bitib. İrəvandakı son dramatik, qanlı olayların arxasındakı aparıcı motiv də zatən, budur – müharibə olacaqsa belə, Sərkisyanın rəhbərliyi ilə ola bilməz.
Ancaq Azərbaycan üçün bunun heç bir isti-soyuqluğu yoxdur. “İlanın ağına da lənət, qarasına da!” Azərbaycan istənilən halda və istənilən yolla öz qanuni ərazilərini azad edəcək, torpaqlarımızda axırıncı işğalçı qalanadək haqq mübarizəsini davam etdirəcək. Buna indi kim olmasa da ermənilər əminlik hasil ediblər… (musavat)
İnterpress.az