Bu gün Gigiyena və Epidemiologiya Mərkəzinin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Qida zəhərlənmələri və qida vasitəsi ilə baş verən infeksion xəstəliklərinin profilaktikası məqsədi ilə qida təhlükəsisliyinin təmin olunmasına nəzarətin təşkili sahəsində geniş tədbirlər həyata keçirildiyi haqqında məlumat verilib.
RGEM direktor vəzifəsini müvəqqəti icra edən Rafiq Abdullayev çıxışında bildirib ki, yeyinti məhsullarının normativ sənədlərinin razılaşdırması, məhsulların qiqiyenik sertifikatlaşdırılması, qida və təhlükəsisllik sahəsində qanunvericilik bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində geniş və səmərəli fəaliyyət təmin olunub.
Yeyinti məhsullarının təhlükəsizliyinə mikrobioloji və toksikoloji labarotoriya nəzarəti müasir beynəlxalq tələblər səviyyəsinədək yüksəldilmiş, ən müasir avadanlıqlar və kadrlarla təmin edilib.
Yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlərlə bağlı açıqlama verən Anar Qədirli deyib ki, vaxtaşırı olaraq qonşu ölkələrdə və ümumiyyətlə regionda müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, ölkəmizdə epidemioloji sabitliyin təmin edilməsinə şərait yaranıb.
Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində aparılmış səmərəli profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi, ələlxüsus, profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2014-cü ildən qızılca və göyöskürək xəstəlikləri baş verməmiş, epidemik parotit xəstəliyinin minimum səviyyəsi müşahidə edilib.
Gülşanə Mustafayeva
İnterpress.az