AXCP Müsavatla danışıqlardan imtina etdibackend

AXCP Müsavatla danışıqlardan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat Partiyası sentyabr ayında mitinq keçirmək barədə qərarını elan etdikdən bir gün sonra Milli Şura sentyabrın 11-nə mitinq təyin etdi. Müsavat Partiyasının rəhbərliyi mitinqlərin birgə keçirilməsinin daha məqsədəuyğun olduğunu bəyan etsə də qarşı tərəfdən müsbət reaksiya olmadı. Bəlli oldu ki, Milli Şurada söz sahibi olan AXCP birgə mitinq keçirmək üçün hətta müzakirələr belə, aparmaqdan imtina edib.

Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov açıq şəkildə bəyan etdi ki, mitinqlərin birgə təşkili üçün Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyası arasında müzakirələr aparılmayıb. Çünki qarşı tərəf müzakirələrdən imtina edib. “Report”a açıqlamasında Y.Sadıqov deyib ki, Müsavat Partiyasının keçirəcəyi mitinqin tarixinin müəyyənləşməməsinin səbəbi bəzi siyasi təşkilatlarla müzakirələrin aparılmamasıdır. Bura Nida Vətəndaş Hərəkatı, “D18\” Hərəkatı və Real Hərəkatı daxildir. Müzakirələrdən və məsləhətləşmələrdən sonra mitinqin keçiriləcəyi tarix açıqlanacaq: ”Hazırda ümumi fikir ondan ibarətdir ki, mitinq sentyabrın 18-də keçirilsin. Amma bu barədə qərar verilməyib\”.

Böyük ehtimalla Müsavat Partiyasının bu gün keçiriləcək iclasında mitinqin günü və yeri təyin ediləcək.

AXCP-nin birgə mitinqlər keçirmək barədə hətta müzakirələr aparmaqdan imtina etməsinə Müsavat Partiyası Divanının üzvü İkram İsrafilin mövqeyini öyrəndik. İkram İsrafil bildirdi ki, Müsavat Partiyası hər zaman dövlətimizin və millətimizin maraqlarını öndə tutan, buna görə fəaliyyət göstərən partiya olub, indi də belədir: “Ona görə də biz hər zaman belə məsələlərdə digər siyasi və ictimai təşkilatlarla əməkdaşlıq etməyin tərəfdarı olmuşuq. Bu referendum məsələsinin də ciddiliyini nəzərə alıb öncədən AXCP və digər qurumlara əməkdaşlıq təklif etmişik, lakin təkcə AXCP-dən müsbət cavab almamışıq. AXCP-nin bu yanaşmasını doğru hesab etmirəm. İnanıram ki, ictimai rəy də AXCP-nin bu mövqeyini qəbul etmir”. ( musavat.com )

İnterpress.az