Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İnterpress.az-a verilən məlumata görə, avtomobil yolu iki hissə üzrə yenidən qurulur.
Layihəyə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci kilometrliyindən ayrılan və 11,5 kilometr uzunluğa malik Daş Salahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax-Yuxarı Əskipara avtomobil yolunun 11 kilometrliyindən ayrılan və 4,5 kilometr uzunluğunda olan Ürkməzli-Dəmirçilər yolu daxildir.
Yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu 4-cü texniki dərəcəli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlib, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır.
Layihəyə uyğun olaraq həmin yolun 4,5 kilometrlik Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb.
Bildirilib ki, yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən yol boyu 4 ədəd 48 paqonmetr uzunluğunda 500 millimetrlik, 2 ədəd 24 paqonmetr uzunluğunda isə 1000 millimetr diametrində yeni dəmir-beton suötürücü borular quraşdırılıb. Bundan başqa, avtoqreyderlə 3500 paqonmetr küvetlərin açılması işləri də görülüb.
Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11,5 kilometrlik Daş Salahlı hissəsinin yenidən qurulması işləri isə davam etdirilir.
Layihənin sonuncu mərhələsində 5 yerdə avtobus dayanacağı qoyulacaq, hərəkətin normal təşkili üçün 42 kilometr göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılacaq, 48 kilometr yolcizgi və yol göstərici xətləri çəkiləcək.
İnterpress.az