Nyu-Yorkda Huawei şirkətinə qarşı sənaye casusluğu işi üzrə məhkəmə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
ABŞ hüquq-mühafizə orqanları Çinin texnologiya nəhəngi Huawei-ni rəqiblərin texnologiyalarını və kommersiya sirlərini qanunsuz əldə etməkdə ittiham edir. Şirkət ittihamları rədd edir.
İttihamlardan biri T-Mobile şirkətinin Tappy adlı robotlaşdırılmış qurğusu ilə bağlıdır.
Huawei əməkdaşlarının robotu gizli şəkildə fotoşəkillərini çəkdiyi və ölçülər apardığı bildirilir.
2013-cü ildə şirkətin əməkdaşlarından birinin Tappy-nin robot qolunun bir hissəsini laboratoriyadan çıxararaq Huawei mühəndislərinə foto və ölçü məlumatlarını ötürdüyü iddia olunur.
İttihama görə, Huawei rəqibləri barədə məlumat toplayan əməkdaşları mükafatlandırıb, xüsusilə dəyərli məlumat verənlərə aylıq bonuslar ödəyib.
Şirkət təqsirli bilinərsə, böyük məbləğdə cərimələrlə üzləşə və ABŞ tərəfindən aktivlərinin müsadirəsi ilə qarşılaşa bilər. Məhkəmədə andlı iclasçıların seçimi başlayıb.
Xuraman Etibarlı
İnterpress.az






