Azərbaycan Mərkəzi Bankın (AMB) proqnozlarına görə, inflyasiya səviyyəsi növbəti orta müddətdə hədəf diapazonunda (4 %+/-2 %) olacaq.
İnterpress.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib.
T. Kazımov bildirib ki, orta müddət dedikdə iki il nəzərdə tutulur:
“Mərkəzi bank inflyasiya səviyyəsini hər il üçün deyil, ortamüddətli dövr üçün nəzərdən keçirir. Digər tərəfdən, valyuta bazarında təklifin tələbi kəskin üstələməsi şəraitində həmçinin pul-kredit siyasətinin yumşaldılmasını aparırıq. Planımıza görə, bu ilin sonuna kimi pul bazamız 20 %-ədək artacaq. Bu da gələcəkdə makroiqtisaid sabitlik nöqteyi-nəzərdən kifayət qədər risklər yaradır. Ona görə də uçot dərəcəmizin parametrlərini aşağı salırıq ki, gələcək təsirləri məhdudlaşdıraq”.
Xatırladaq ki, noyabrın 1-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9 %-dən 8,5 %-ə, faiz dəhlizinin aşağı həddi 7,5 %-dən 7 %-ə, faiz dəhlizinin yuxarı həddi isə 10 %-dən 9,5 %-ə endirilib.
Mərkəzi Bankın proqnozlarına görə, illik inflyasiya 2023-cü ilin sonuna 4,3 %, 2024-cü ildə 5,3 %, 2025-ci ildə isə 3,4 % olacaq.