Türkiyənin paytaxtı Ankara şəhərində Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı keçirilib.
Yenicag.az xəbər verir ki, tədbir “EkoAvrasya” Vəqfi, “İpək Yolu” İctimai Diplomatiya Təşkilatı və Türk Dünyası Qeyri-Hökumət Əməkdaşlıq Dərnəyi tərəfindən təşkil olunub.
Türkiyə parlamentinin üzvləri – hakim Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Kürşad Zorlu, Şamil Ayrım, Filiz Kılıç, Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı, Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsəl Baran, Türkiyə Daxili İşlər Nazirliyi Sivil Toplumla Əlaqələr Baş İdarəsinin Xarici Əlaqələr Dairəsinin rəhbəri Fəxrəddin Qaya, TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf, Dünya Axısxa Türkləri Birliyinin Baş katibi Fuad Uçar, “EkoAvrasya” Vəqfinin sədri Hikmət Ərən, “İpək Yolu” İctimai Diplomatiya Təşkilatının sədri Seyfullah Türksoy, Türk İnternet Media Birliyinin sədri Süleyman Basa, Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Qorxmaz, Türk Dünyası Vətəndaş Cəmiyyəti İş Birliyi Dərnəyinin sədri Kamal Kurnaz, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər, “Kanal Avropa” televiziyasının sahibi Əli Paşa Ağbaş, ATİB İdarə Heyətinin üzvü Nigar Ələsgərova və başqalarının qatıldığı tədbirdə dörd panel müzakirəsi təşkil olunub.
Bundan başqa, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarın göndərdiyi məktub tədbir iştirakçılarına oxunulub.
Konfransın açılışında çıxış edən Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsəl Baranın fikrincə isə hökumətlərarası əməkdaşlıqlar qədər xalqlar arasında həmrəylik də çox qiymətlidir:
“Türk dünyasının gələcəyi ticarət, sənaye, mədəniyyət, təhsil, elm, incəsənət və insan mərkəzli yanaşmalarla formalaşacaq. Biz bu baxışın bir parçası olmağa və töhfə verməyə hazırıq. Türk dövlətləri arasındakı əlaqələr hər bir vətəndaşı əhatə etməlidir. Onun sözlərinə görə, ortaq baxış istiqamətində atılacaq hər addım Türk dünyasını gücləndirəcək və gələcək nəsillərə buraxılacaq mirası daha da dəyərli edəcək”.
Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Kürşad Zorlu isə qeyd edib ki, qlobal miqyasda son dövrlər yaşanan hadisələr fonunda Türk dünyası tarixdə olduğu kimi bu gün də həm təhdid, həm də imkanlarla üz-üzədir.
K. Zorlu bildirib ki, Türk dünyasında vətəndaş cəmiyyətinin gücləndirilməsi, əməkdaşlıq üçün daha geniş zəminin yaradılması və təsirli strukturların qurulması ötən dövrlərlə müqayisədə bu gün daha həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu strukturların gücləndirilməsi təkcə bu günü qorumaq deyil, eyni zamanda sabahı qurmaq deməkdir. O qeyd edib ki, Türk dünyasında zaman-zaman dalğalı dövrlər yaşansa da, təxminən 35 ildir qırılmış bağlar yenidən toxunur, qardaşlıq münasibətləri institusional təməllərə daşınır.
Hakim partiya təmsilçisi həmçinin vurğulayıb ki, Türkiyə Cümhuriyyəti Türk dünyası və region üçün qlobal proseslərin mərkəzində duran mühüm güc mərkəzinə çevrilib:
“Türk dünyasının və Türk millətinin həmişə düşmənləri olub. Bu əhəmiyyətə görə bizə qarşı çalışanlar həmişə olub və olacaq. Xüsusilə yaxın gələcəkdə Türk dünyasının arasına fitnə toxumu səpərək münasibətləri başqa istiqamətə yönəltmək istəyənlərə qarşı son dərəcə ayıq olmalıyıq. Çünki bilirlər ki, Türkiyə güclü olarsa, Türk dünyası da güclənəcək və Türk dünyası gücləndikcə dünya nizamı da yeni istiqamət qazanacaq”.
K. Zorlu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Türkiyə və Türk dünyasının ayrılmaz parçası olduğunu vurğulayaraq deyib:
“Son günlərdə bu mövzuda sosial media üzərindən yayılan yanlış məlumatları paylaşaraq fitnəyə ortaq olan dairələrin varlığını görürük. Təəssüf ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan bəzi siyasətçilərin də bilərək və ya bilməyərək bu cür yanaşmalara ortaq olduğunu müşahidə edirik. Buradan açıq şəkildə bəyan edirəm: Şimali Kipr Türk Cümhuriyyəti necə ki, Türkiyə Cümhuriyyətinin ayrılmaz parçasıdırsa, eyni zamanda Türk dünyasının da ayrılmaz parçasıdır. Dünən bu istiqamətdə necə mübarizə aparmışıqsa, bu gün də bütün Türk dövlətləri ilə birlikdə ŞKTC-nin beynəlxalq tanınması üçün eyni əzmlə çalışacağıq”.
Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı isə qeyd edib ki, türk dünyasına xidmət bir yoldur:
“Türk dünyasını birləşdirən körpülərdir. Qarabağ Zəfəri Türk birliyinə doğru atılmış bir məşəl, ümid və işıqdır. Bu zəfər, müstəqilliyini əldə etmiş Türk dövlətlərinin bir araya gəlməsi üçün bir yol, hələ azad olmamış Türk xalqları üçün isə bir ümiddir. Türk birliyini istəməyən beynəlxalq qurumlar var, onlardan biri də Avropa Birliyidir. Bir neçə gün əvvəl bəzi Türk dövlətlərinin Kiprlə bağlı mövqeyi fitnə xarakteri daşıyır. Biz bir millət olaraq bu fitnələrin qarşısında durmalıyıq. Dövlətlər maraqları üçün qərar verə bilər, lakin millət olaraq bir məqsədimiz olmalıdır. Türk millətinin maraqları hər cür siyasətdən üstün olmalıdır”.
TBMM MHP fraksiyasının sədr müavini Filiz Kılıç isə çıxışında Türk dünyasını birləşdirən əsas dəyərin “birlik iradəsi” olduğunu deyib:
“Türkiyə, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan – biz ayrı-ayrı dövlətlərik. Təkbaşına çox şey edə bilərik, amma birlikdə daha tez sağalırıq, daha böyük xəyallar qururuq, daha ədalətli, daha sülhsevər, daha güclü gələcək inşa edirik. Bu səbəbdən bu gün buradayıq. Artıq qulağımızı deyil, ürəyimizi bir-birimizin dərdinə açma zamanıdır. Mədəniyyətimizi, sənətimizi, səslərimizi, küçələrimizi, gənclərimizi bir araya gətirmə zamanıdır”.
Kılıç vurğulayıb ki, tədbir sadəcə qərarlarla yekunlaşmamalı, eyni zamanda, yeni bir inanc da formalaşdırmalıdır:
“Türk dünyası arasında atılacaq hər addım, qurulacaq hər bağ, veriləcək hər fikir gələcəyin bir kərpicidir. Unutmayın, bir millətin xəritəsi yalnız xətlərlə deyil, inam, ümid və birlikdə atılan addımlarla çəkilir. Bizim bu konfransımız yalnız bir iclas deyil, bir baxışın başlanğıcıdır. Türk dünyası təkcə keçmiş deyil, birgə yazacağımız gələcəkdir. Biz yalnız qonşular deyilik, biz könül yoldaşıyıq. Bu uzun bir yoldur, lakin birlikdə addımlasaq, o yol artıq çətinlik deyil, ümid olur. Və bu ümidlə deyirik: dil birliyi, fikir birliyi, iş birliyi – bu artıq bir xəyal deyil, bir baxış və gələcək çağırışıdır”.
AK Partiya İstanbul millət vəkili Şamil Ayrım da çıxış edənlər arasında olub. O, bildirib ki, bu konfrans Türk dünyasının birliyinə və həmrəyliyinə xidmət edən dəyərli bir təşəbbüsdür:
“Unutmayaq ki, bizi ayıran coğrafiya məhdud ola bilər, amma bizi birləşdirən könül coğrafiyamız çox böyükdür. Bu könül coğrafiyasını ayaqda saxlayacaq olan isə vətəndaş iradəsi, həmrəylik və ortaq vizyonumuzdur”.
Türkiyə Daxili İşlər Nazirliyi Sivil Toplumla Əlaqələr Baş İdarəsinin Xarici Əlaqələr Dairəsinin rəhbəri Fəxrəddin Qaya bildirib ki, qurum olaraq QHT layihələrini dəstəkləyirlər:
“Türkiyədə örnək olan QHT-lər var və gözəl fəaliyyətlər həyata keçirilir. QHT-lər nə qədər güclü olsa, Türkiyənin demokratiyası və iqtisadiyyatı da bir o qədər inkişaf edəcək”.
TÜRKSİT İdarə Heyətinin sədri Kamal Kurnaz və İpək Yolu İctimai Diplomatiya Təşkilatının rəhbəri Seyfullah Türksoy da çıxışlarında birliyin, əməkdaşlığın, qarşılıqlı anlayışın vacibliyindən danışıblar.
“EkoAvrasiya” Vəqfinin rəhbəri Hikmət Əren isə qeyd edib ki, tədbirdən çıxan nəticələr dövlətin aidiyyəti qurumları ilə paylaşılacaq.
Həmçinin Dünya Axısxa Türkləri Birliyinin Baş katibi Fuad Uçar Türk dünyasının Axısxa problemi ilə bağlı məsələlərinə diqqət çəkib. O həm də Axısxa türklərinin vətəndaş cəmiyyəti, habelə Türk dünyasındakı roluna diqqət çəkərək əlavə edib ki, onlar 9 ölkədə lobbi fəaliyyəti də göstərirlər.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər isə çıxışında ortaq media və vətəndaş cəmiyyətindən söz açıb. MŞ üzvü onu da xatırladıb ki, QHT-lər cəmiyyətin can damarıdır və bu can damarının qorunması və güclənməsi lazımdır.
Onun sözlərinə görə, burada ortaq fəaliyyətlər genişləndirilməlidir:
“Həm Krım, həm Axısxa, həm Kipr, eləcə də digər türk respublikaları ilə bütün sahələrdə ciddi iş birliyi artırılmalıdır. Özəlliklə də QHT və media sahəsində bu, ciddi şəkildə özünü göstərməlidir. Türk Dövlətləri Təşkilatları 2020-ci ildəki Qarabağ zəfərindən sonra bu məsələni prioritet şəkildə elan etdilər. Lakin mənə elə gəlir ki. bu, yetərli deyil. Bu mövzuların daha çox yayılması və geniş sahələrdə iş birliklərimizin olması vacibdir”.
A. Ələsgər əlavə edib ki, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bir sıra ciddi layihələr həyata keçirib:
“Özbəkistanda da bu görüşlər oldu. İraqda – Türkmanelində də mart ayında belə tədbirlər keçirildi. Azərbaycan adına bu işlərdə varıq və bu məsələlərdə düşünürəm ki, daha da irəli getməliyik”.
Xatırladaq ki, “Qeyri-hökumət təşkilatları və türk dünyasında çoxtərəfli gələcək perspektivi” başlıqlı panel müzakirəsində QHT-lərin tük dövlətləri arasındakı əlaqələrin inkişaf etdirilməsindəki rolundan bəhs edilib və mövcud problemlər ətrafında fikir mübadiləsi aparılıb. İkinci panel isə “Türk dünyasına inteqrasiya prosesində QHT-lərin rolu” mövzusunda təşkil olunub. Paneldə türk dövlətlərindəki QHT-lər arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
“Türk dünyasında QHT-lərin önəmi və qurumlararası əlaqələrdəki rolu” və “QHT-lərin xarici siyasətin müəyyən edilməsindəki rolu: İctimai diplomatiya çalışmaları” başlığı ilə təşkil olunan panellərdə isə müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.