SÜLHƏDDİN ƏKBƏR: “BU MƏSƏLƏNİN HƏLL OLUNMAMASINDA RUSİYA DA MARAQLIDIR, DİGƏR XARİCİ ÖLKƏLƏR DƏ…”
TOFİQ ZÜLFÜQAROV: “ÇOXLARI SUBYEKTİV DÜŞÜNÜR Kİ, MÜNAQİŞƏNİ ERMƏNİLƏR YARADIB, ƏSLİNDƏ BELƏ DEYİL”
Anlaşmaya az müddət qalmış ermənilərin təxribatı səbəbsiz deyil. Bu barədə fikirlər “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə efirə gedən “Dərin Təhlil” verilişində müzakirə olunub.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər diplomatik görüşlər öncəsi yaranan bu gərginliyin səbəblərindən danışıb. Onun sözlərinə görə, ermənilər 44 günlük savaşda məğlub olublar.
Əldə edilən razılaşmaları yerinə yetirmək lazımdır: “Burda prinsipial, ciddi məsələlər var ki, yerinə yetirilməyib. Görüşlər ərəfəsində anlaşmanın tələblərinin yerinə yetirilməsi tələb olunur. Erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların açılması məsələsi və digər başqa məqamlar var. Bu danışıqlarım hamısında bu tələblər irəli sürülür.
Bu gərginliklər olmasa, süni narazılıqlar yaranmasa bu öhdəliklər yerinə yetirilməlidir. Ermənilər bunu öz milli maraqlarına ziyanlı hesab edirlər. Düşünürlər ki, müharibədə uduzmuşuq. Amma indi siyasi diplomatic cəbhədə arxamızda müəyyən dəstək alaraq beynəlxalq hüquq baxımdan bunun dəstəyinə imkan verməyək. Buna nail olmasaq da, heç olmasa prosesi uzadaq. Ona görə də bu məsələlər davam edəcək”.
S.Əkbər hesab edir ki, bu prosesin müsbət istiqamətdə cərəyan etməsindən narazı olan başqa xarici qüvvələr də var və bunlardan biri də Rusiyadır: “Elementar yanaşma: üçtərəfli razılaşma yerinə yetirildi – o zaman Rusiya sülhmərazmlıları hansı əsasla burda qalacaqlar? Amma bu prosesin arxasında çoxsaylı qüvvələr var”.
Eks xarici işlər naziri Tofiq Zülfüqarov da S.Əkbərin fikirləri ilə razılaşdığını deyib. Onun sözlərinə görə, bəzən bizdə bu münaqişəni ermənilərin yaratması ilə bağlı subyektiv təəssürat yaranır: “Çoxları düşünür ki, bu münaqişəni ermənilər yaradıb ki, əlimizdən Qarabağı alsınlar. Sovet İttifaqı dağılanda süni şəkildə bir çox bölgələrdə belə konflikt yaranıb. Kimisə küsdür, sonra idarə et – böhran idarəetməsi bu formadadır. Bu siyasətin nəticələri ilə 30 ildir yaşamışıq və yaşayacağıq. Bu cür üslub dünyanın ən nəhəng ölkələrindən birində də tətbiq olunur. Tayvandla Çin arasında, Honkonq məsələsi. Bu, Ermənistanla bağlı məsələdə, idarəetmə üslubu kimi eyni qanunları var. Həm Rusiya, həm Qərb ölkələri bunda maraqlıdır. Fransa ona görə belə kəskin reaksiya verir ki, bundan qabaq bu konfiktdən istifadə edib. Fransa 320 milyon avroluq silah avadanlığı Azərbaycana satıb. Digər ölkələrin də konfliktin davam etməsində xüsusi marağı var”.