“Fransaya təsir edəcək məsələlərdən biri Azərbaycanda çalışan Fransız şirkətləridir”.
Bu sözləri Fransa Senatının qəbul etdiyi hüquqa zidd sənədi dəyərləndirən ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən sənədə Azərbayacan sərt reaksiya verməlidir:
“Bu ilin ilk 9 ayında Azərbaycan Fransaya cəmi 48 mln.691 min dollarlıq mal-məhsul (əsasən neft) ixrac edib. Ölkənin həmin dövrdə ixracının cəmi 0,16%-dir. Eyni dövrdə Fransa Azərbaycana 170 milyon 182 min dollarlıq mal-məhsul ixrac edib ki, bu da ölkəmizin idaxalının cəmi 1,65%-dir. Yəni, biz Fransaya mal satmamaq, ordan da mal almasaq, heç bir təsiri olmayacaq. Fransaya təsir edəcək məsələlərdən biri Azərbaycanda çalışan Fransız şirkətləridir. Bu ölkənin 300-ə yaxın şirkəti məmləkətdə işləyir. Aralarında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” kimi tanınmış, öz lobbi qrupları olan, Fransa siyasətinə təsir edə biləcək şirkətlər də var. Azərbaycan hökuməti həmin şirkətləri dəvət edib onlarla danışmalı, onların Fransa siyasətinə təsir mexanizmlərindən istifadə etməyi öyrənməlidir.
Fransaya təsir edə biləcək ən böyük addımlardan biri də bu ölkənin dünyanın müxtəlif bölgələrində digər ölkələrlə rəqabəti zamanı rəsmi Parisin rəqiblərini dəstəkləməkdir. Fransaya təmirə milyonlar xərcləməkdənsə, rəsmi Parisin rəqiblərinə Afrika, Asiya ölkələrində milyonlar xərcləmək daha məntiqlidir”.